ABŞ İranın gəlir mənbəyini kəsmək üçün “İqtisadi Təcridetmə Əməliyyatı”na başlayıb
ABŞ Maliyyə naziri Skott Bessent İranın gəlir mənbələrini kəsmək və ölkəni iqtisadi baxımdan təcrid etmək məqsədilə ABŞ-ın sanksiyalarının gücləndiriləcəyini açıqlayıb.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Bessent ötən gün verdiyi açıqlamada bildirib ki, ABŞ İranın bütün gəlir mənbələrini, o cümlədən neft sektorunu hədəfə alacaq. Məqsəd digər ölkələrin və şirkətlərin Tehranla iqtisadi əlaqələr qurmasının qarşısını almaqdır.
“Dünyada məqsədimiz Tehran tək qalana qədər bu qəddar rejimi ayaqda saxlayan bütün iqtisadi damarları kəsməkdir”, – deyə Bessent bildirib.
O, həmçinin dünyanın müxtəlif ölkələrinin ABŞ və İran arasında seçim etməli olacağını deyib. Nazir yeni kampaniya çərçivəsində Tehranla ticarət edən tərəflərin ikinci dərəcəli sanksiyalarla üzləşə biləcəyini vurğulayıb.
“ABŞ sanksiyalarının təsir dairəsindən kənarda heç kim yoxdur”, – deyə Bessent qeyd edib.
Onun sözlərinə görə, İran neftini pula və təzyiq vasitəsinə çevirən iqtisadi ekosistemin bir hissəsi olan, eləcə də bu əməliyyatları asanlaşdıran ölkə və təşkilatlar sanksiyaların hədəfinə çevriləcək.
ABŞ İranla bağlı yeni sanksiya dalğası elan etsə də, bazar ertəsi başladılan kampaniya çərçivəsində İranla əməkdaşlıq edən iri beynəlxalq iqtisadi qurumlardan heç biri birbaşa hədəfə alınmayıb.
Bessent bu addımı dünya üzrə ölkələr və şirkətlər üçün ciddi xəbərdarlıq kimi qiymətləndirib.
Kampaniya “İqtisadi Təcridetmə Əməliyyatı” adlandırılıb. Bessent həmçinin bu təşəbbüsü İkinci Dünya müharibəsi zamanı Müttəfiq qüvvələrin nasist Almaniyasına qarşı Fransaya desant çıxarmasına bənzədərək “iqtisadi D-Day” adlandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB