Pakistan Ali Məhkəməsi İmran Xanın xəstəxanaya köçürülməsinə qərar verib

Pakistan Ali Məhkəməsi İmran Xanın xəstəxanaya köçürülməsinə qərar verib

Pakistan Ali Məhkəməsi həbsdə olan keçmiş baş nazir və Pakistan Təhrik-i İnsaf (PTI) partiyasının qurucusu İmran Xanın Ravalpindidəki Adiala həbsxanasından İslamabadın Şifa Beynəlxalq Xəstəxanasına köçürülməsinə qərar verib. Məhkəmə onun iki gün ərzində xəstəxanaya yerləşdirilməsini tapşırıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, qərar İmran Xanın səhhəti ilə bağlı narahatlıqların artmasından və ailəsi ilə siyasi partiyasının uzun müddətdir onun tibbi müayinədən keçirilməsi üçün xəstəxanaya köçürülməsini tələb etməsindən sonra qəbul edilib. Məhkəmənin qərarına əsasən, Xanın ən azı sentyabrın 16-dək xəstəxanada qalması nəzərdə tutulur.

Ali Məhkəmə həmçinin onun müalicəsinə nəzarət etmək üçün tibbi heyətin yaradılmasını tapşırıb. Heyətdə kardioloq, terapevt, göz həkimi və Xanın şəxsi həkiminin yer alması nəzərdə tutulur.

İmran Xanın ailəsi və vəkilləri uzun müddətdir onun həbsdə səhhətinin pisləşdiyini bildirirlər. Xüsusilə onun sağ gözündə ciddi görmə problemi yarandığı qeyd olunub. Xanın tərəfdarları isə həbsxanada onun ailəsi və vəkilləri ilə görüş imkanlarının məhdudlaşdırıldığını iddia edirlər.

PTI Ali Məhkəmənin qərarını alqışlayıb və onun dərhal və tam şəkildə icra edilməsini tələb edib. Partiya eyni zamanda tərəfdarlarını xəstəxananın qarşısına toplaşmamağa çağırıb.

İmran Xan 2023-cü ilin avqustundan həbsdədir. O, hakimiyyətdən getməsindən sonra müxtəlif cinayət işləri üzrə məhkum edilib və ittihamların siyasi motivli olduğunu bildirir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə