Tramp susdu, bazarlarda dalğalanma gücləndi

Tramp susdu, bazarlarda dalğalanma gücləndi

İran və ABŞ arasında elan edilən 60 günlük atəşkəsin başa çatması və ABŞ Prezidenti Donald Trampdan atəşkəsin uzadılmasına dair yeni siqnal gəlməməsi qlobal bazarlarda hərəkətliliyi artırıb. Brent markalı neftin qiyməti 91,37 dollara yüksələrək son 3 həftənin ən yüksək səviyyəsinə çatıb. 4 436 dolları test edən qızılın unsiya qiyməti isə sonradan geriləyərək 4 392 dollara düşüb.

SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, geosiyasi gərginliyin yaratdığı qeyri-müəyyənlik dünya bazarlarında özünü göstərməkdə davam edir. İran-ABŞ müharibəsi çərçivəsində elan edilmiş 60 günlük atəşkəsin başa çatması və ABŞ Prezidenti Donald Trampın onun uzadılmasına dair hər hansı yeni açıqlama verməməsi qlobal bazarlarda tarazlığı dəyişib.

Bu qeyri-müəyyənlik neft qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub. Cümə günü 88,95 dollara qədər bahalaşan və günü 88,52 dollarla başa vuran Brent markalı neftin oktyabr fyuçerslərinin qiyməti beynəlxalq bazarlarda 91 dolları keçib.

Avqust ayı ərzində yüksəliş trendində olan Brent markalı neftin bir barelinin qiyməti atəşkəsin rəsmi olaraq başa çatması ilə 90 dollar həddini keçib. Bugünkü ticarətdə də yüksəlişini davam etdirən neftin qiyməti Bakı vaxtı ilə saat 06:00-da 91,37 dollar təşkil edib.

Brent nefti sonuncu dəfə iyulun 24-də 91 dollar səviyyəsindən yuxarı qiymətləndirilib. Beləliklə, neftin qiyməti son 3 həftənin ən yüksək göstəricisinə çatıb.

Neft qiymətlərindəki sürətli artım qızıl bazarına da təsir göstərib. ABŞ Federal Ehtiyat Sisteminin (FED) siyasəti ilə bağlı təzyiqləri aradan qaldırmağa çalışan qızılın qiyməti Yaxın Şərqdə artan geosiyasi gərginlik və neftin bahalaşması fonunda geriləyib.

Bugünkü ilk ticarət əməliyyatlarında 4 436 dollara qədər yüksələn və yanvar ayından bəri davam edən eniş trendini qırmağa çalışan qızılın unsiya qiyməti neftin 90 dollar həddini keçməsindən sonra yenidən aşağı istiqamətə yönəlib.

Son məlumatlara görə, qızılın bir unsiyasının qiyməti 4 392 dollar, qram qızılın qiyməti isə 6 744 lirə təşkil edir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə