Kuşner HƏMAS rəhbəri ilə görüşüb

Kuşner HƏMAS rəhbəri ilə görüşüb

ABŞ prezidentinin xüsusi nümayəndəsi və Donald Trampın kürəkəni Jared Kuşner Misirdə HƏMAS-ın siyasi rəhbəri Xəlil əl-Həyyə ilə görüşüb. İki saatdan çox davam edən görüş Qəzzada atəşkəs üzrə dalana dirənmiş danışıqların yenidən canlandırılması məqsədi daşıyıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kuşnerin Misirdəki görüşdən sonra İsrailin Baş naziri Benyamin Netanyahu ilə də görüşməsi planlaşdırılıb. Danışıqların əsas mövzusu ABŞ tərəfindən dəstəklənən 15 maddəlik yol xəritəsinin həyata keçirilməsi və tərəflər arasında fikir ayrılıqlarının aradan qaldırılmasıdır.

Yol xəritəsinə əsasən, HƏMAS-ın tədricən silahsızlaşdırılması və bunun qarşılığında İsrail hərbi qüvvələrinin Qəzzadan geri çəkilməsi nəzərdə tutulur. Lakin Netanyahu ötən həftə planı rədd edib və HƏMAS tamamilə tərksilah edilməyənədək İsrail qüvvələrinin Qəzzadakı mövqelərindən geri çəkilməyəcəyini bildirib.

Kuşnerlə HƏMAS rəhbəri arasında keçirilən görüşdə Misir, Qətər və Türkiyədən olan vasitəçilər də iştirak edib. HƏMAS görüşdən sonra verdiyi açıqlamada yol xəritəsinə sadiq olduğunu və onun icrası ilə bağlı 14 günlük danışıqlar mərhələsinin başlanmasını gözlədiyini bildirib.

Bununla yanaşı, HƏMAS İsrailin Qəzzaya hücumları dayandırmasını və qüvvələrini “sarı xətt” adlandırılan bölgüyə qədər geri çəkməsini tələb edib. Həmin xəttin dəqiq sərhədləri müəyyən edilməyib. İsrail qüvvələrinin hazırda Qəzza zolağının təxminən 60 faizinə nəzarət etdiyi bildirilir.

Yol xəritəsinə əsasən, HƏMAS silahlarını Qəzzanın gündəlik idarəçiliyinə nəzarət etməsi nəzərdə tutulan fələstinli texnokratlar komitəsinə təhvil verməlidir. Lakin komitə hələ Qəzzaya daxil olmayıb. HƏMAS ağır silahların təhvil verilməsini Fələstin dövlətinin yaradılması ilə əlaqələndirir. İsrail hökuməti isə bu tələbi qəbul etmir.

Netanyahunun planı rədd etməsi nəticəsində atəşkəs razılaşmasının digər elementləri, o cümlədən Qəzzanın bərpası və İsrail qüvvələri ilə texnokratlar komitəsinin nəzarətində olacaq ərazilər arasında beynəlxalq qüvvələrin yerləşdirilməsi məsələləri də təxirə düşüb.

Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Pakistan və İndoneziya daxil olmaqla bir sıra ölkələr İsrailin yol xəritəsini rədd etməsini tənqid edib. Birgə bəyanatda İsrailin Qəzzada sülh səylərinə mane olmaq məsuliyyəti daşıdığı bildirilib.

Netanyahu isə daxili siyasi təzyiqlərlə də üzləşir. İsraildə parlament seçkilərinin oktyabrın 27-də keçirilməsi planlaşdırılır və onun Qəzzada atəşkəs məsələsində seçkilərədək hansı addımları atacağı hələ məlum deyil.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, 2025-ci il oktyabrın 10-da atəşkəsə razılıq verildikdən sonra İsrailin hücumları nəticəsində Qəzzada 1 200-dən çox fələstinli öldürülüb, 4 100-dən çox insan yaralanıb.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə