Kanadada özəl plazma donorluğu klinikalarını idarə edən İspaniyanın Grifols şirkəti iki donorun ölümündən sonra plazma qəbulunu müvəqqəti dayandırıb. Qərar hökumətin klinikalarda təhlükəsizlik qaydalarına əməl olunması ilə bağlı araşdırması fonunda verilib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, şirkət Kanadada 17 klinika işlədir və ölkədə fəaliyyət göstərən yeganə özəl plazma donorluğu şəbəkəsidir. Grifols avqustun 12-də Health Canada qurumuna plazma qəbulunu müvəqqəti dayandıracağını bildirib. Həmin gün şirkətə qan və qan məhsulları ilə bağlı qaydalara əməl etmədiyinə görə rəsmi uyğunsuzluq bildirişi təqdim edilib.
Donorlardan birinin 22 yaşlı Rodiyat Alabede olduğu yaxınları tərəfindən bildirilib. O, Vinnipeq şəhərində 2025-ci il oktyabrın 25-də plazma bağışlayıb. Yarılma nəticəsində onun plazma verdikdən qısa müddət sonra ürək dayanmasından öldüyü müəyyən edilib. Bununla belə, Health Canada Alabedenin ölümü ilə plazma donorluğu arasında əlaqə aşkarlanmadığını bildirib.
Lakin pasiyent hüquqlarını müdafiə edən şəxslər ölüm faktının yenidən araşdırılmasını tələb edirlər. Onların sözlərinə görə, yarılma nəticələri ilə sonradan hazırlanan tibbi hesabat arasında ciddi uyğunsuzluqlar mövcuddur.
Health Canada-nın may ayında keçirdiyi yoxlamalar zamanı Grifols klinikalarında bir sıra nöqsanlar da aşkarlanıb. Hesabatda işçilərin lazımi təlim keçməməsi, standart prosedurlara əməl olunmaması, sənədləşmədə problemlər və əvvəlki çatışmazlıqların aradan qaldırılmaması qeyd edilib.
Yoxlama zamanı bəzi hallarda cihazlarda xəbərdarlıq siqnalları işə düşdükdə plazma qəbulunun dayandırılmadığı da müəyyənləşdirilib. Health Canada şirkətin təqdim etdiyi məlumatları isə bəzi hallarda “natamam” və “qeyri-dəqiq” kimi qiymətləndirib.
Grifols isə iki ölüm hadisəsinin plazma donorluğu ilə əlaqəli olduğunu rədd edir. Şirkət ianələrin dayandırılması qərarının “könüllü və qabaqlayıcı” xarakter daşıdığını, məqsədin Health Canada və Canadian Blood Services ilə əməkdaşlıq etmək olduğunu bildirib.
Kanadada plazma donorluğu adi qanvermədən fərqlənir. Xüsusi aferez aparatı qanı götürür, plazmanı digər qan komponentlərindən ayırır və qanın qalan hissəsini donorun orqanizminə qaytarır. Proses təxminən 90 dəqiqə davam edir. Plazmadan hemofiliya, qaraciyər xəstəlikləri və bəzi xərçəng növlərinin müalicəsində istifadə olunan dərmanların hazırlanmasında yararlanılır.
Grifols klinikalarında donorlar daha əvvəl həftədə iki dəfə plazma verə və hər ianəyə görə 100 Kanada dollarınadək ödəniş ala bilirdilər. Kanadada ödənişli plazma donorluğuna münasibət əyalətlər üzrə dəyişir. Məsələn, Britaniya Kolumbiyası və Kvebekdə bu praktika qadağandır, Manitobada isə buna icazə verilir.
Health Canada bildirib ki, xüsusilə Vinnipeqdəki Taylor Avenue ünvanında yerləşən Grifols klinikasında müxtəlif çatışmazlıqlar aşkarlanıb. Şirkət isə klinikanın fəaliyyətini bərpa etmək üçün qurumlarla əməkdaşlıq etdiyini açıqlayıb.
Grifols həmçinin bildirib ki, plazma qəbulunun dayandırılması Kanadanın qan və plazma ehtiyatlarının təhlükəsizliyinə və təminatına təsir göstərməyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB