İsrail ordusunun Cənubi Livana zərbələri son günlər daha da intensivləşib. ABŞ-ın vasitəçiliyi ilə iyunda əldə olunan atəşkəsin uzadılmasına baxmayaraq, yalnız bir gün ərzində İsrailin hücumları nəticəsində azı 11 nəfər, o cümlədən uşaqlar həlak olub. Livan rəsmiləri İsrailin son hücumlarını atəşkəs razılaşmasının ciddi şəkildə pozulması kimi qiymətləndirirlər.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, avqustun 15-də İsrailin Nəbatiyyə bölgəsinə endirdiyi zərbələr nəticəsində azı 11 nəfər ölüb.
Ənsar kəndinin kənarında yaşayış evinə endirilən hava zərbəsi nəticəsində 7 nəfər ölüb, 3 nəfər yaralanıb. Digər 4 nəfər isə Deyr əz-Zəhrani kəndinə endirilən zərbə nəticəsində həyatını itirib.
İsrail ordusu həmçinin Nəbatiyyə bölgəsində yerləşən Əli əl-Tahir yüksəkliklərinə, Bint Cbeyl və Taybeh yaşayış məntəqələrinə zərbələr endirib. Əl-Mansuri ətrafının pilotsuz uçuş aparatları ilə hədəfə alındığı, bir sıra yaşayış məntəqələrinin isə artilleriya atəşinə tutulduğu bildirilib.
İsrail ordusu hücumların “Hizbullah” tərəfindən Əli əl-Tahir yüksəkliklərində İsrail hərbçilərinə qarşı həyata keçirildiyini iddia etdiyi hücuma cavab olduğunu açıqlayıb.
İsrail Baş nazirinin ofisi bildirib ki, ordu hücumu təşkil edən “Hizbullah” qərargahını vurub. İsrail tərəfi daha sonra həmin hərbi obyektə mülki şəxslərin yerləşdirildiyini iddia edib.
İsrail ordusu hücumlar zamanı “Hizbullah”ın yüksək rütbəli komandirlərindən Əbu Həsən Əla və Əli Səmih əl-Hac Həsənin öldürüldüyünü də açıqlayıb. “Hizbullah” isə bu iddialara hələ münasibət bildirməyib.
Yaxın Şərq üzrə ekspert Ziad Əbu Rişin sözlərinə görə, İsrailin son hücumları Baş nazir Benyamin Netanyahunun Livanın cənubunda mövqelərini gücləndirmək və “Hizbullah”a təzyiqi artırmaq strategiyasının bir hissəsi ola bilər.
Ekspert hesab edir ki, atəşkəsdən sonra da İsrailin Livanda hərbi əməliyyatları davam etdirə bilməsi ABŞ-ın İsrailə verdiyi siyasi dəstəklə bağlıdır.
Onun sözlərinə görə, Livanın cənubunda yaşayış məntəqələrinin dağıdılması və insanların bölgədən köçməsi vəziyyəti daha da ağırlaşdırır.
Livan Prezidenti Cozef Aun İsrailin hücumlarını pisləyərək, onların ABŞ və İsrail arasında əldə edilmiş atəşkəs razılaşmasını dəfələrlə pozduğunu bildirib.
Baş nazir Nəvvaf Salam İsraili hücumları dayandırmağa çağırıb. Parlamentin spikeri Nəbih Berri isə hücumları “qətliam” adlandırıb və bunun Cənubi Livanda müharibənin davamı olduğunu bildirib.
“Hizbullah” isə İsrailin hücumlarının Netanyahu hökumətinin daxili siyasi məqsədləri ilə əlaqəli olduğunu iddia edib. İsraildə növbəti parlament seçkilərinin 27 oktyabrda keçirilməsi planlaşdırılır.
İsrail və Livan arasında atəşkəs üzrə danışıqlar ABŞ-ın vasitəçiliyi ilə davam edir. İyunun 26-da əldə olunan çərçivə razılaşmasına əsasən, “Hizbullah”ın tərksilah edilməsindən və Livan ordusunun sərhəd bölgələrində təhlükəsizliyi təmin etməyə başlamasından sonra İsrail qüvvələrinin Cənubi Livanın böyük hissəsindən geri çəkilməsi nəzərdə tutulur.
Lakin bu şərtlər hələ tam həyata keçirilməyib. İsrail Livan ərazisinin təxminən beşdə birinə nəzarəti davam etdirir. Tərəflər arasında danışıqların yeddinci raundu avqustun əvvəlində keçirilib.
İsrail rəsmiləri son hücumların danışıqları dayandırmaq deyil, əksinə, onları sürətləndirmək məqsədi daşıdığını bildirirlər. ABŞ Dövlət Departamenti də “Hizbullah”ı İsrail qüvvələrinin Livan ərazisində qalmasının əsas səbəbi kimi göstərib.
Beləliklə, əsas fikir ayrılığı dəyişməz olaraq qalır: İsrail “Hizbullah”ın əvvəlcə tərksilah edilməsini, “Hizbullah” və Livan tərəfi isə İsrail qüvvələrinin əvvəlcə Livan ərazisindən çıxmasını tələb edir. Bu qarşılıqlı şərtlər isə atəşkəsin davamlı sülh razılaşmasına çevrilməsinə mane olan əsas amillərdən biridir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB