Suriya və Rusiya 18 ay davam edən danışıqlardan sonra Rusiyanın Suriyadakı iki əsas hərbi obyekti – Hmeymim aviabazası və Tartus dəniz bazasının gələcək statusu ilə bağlı memorandum imzalayıb. Razılaşma Moskvanın bu bazalar üzərində əvvəlki eksklüziv hərbi nəzarətinə son qoyur və onların yeni formatda fəaliyyətini nəzərdə tutur.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, sazişə əsasən, Hmeymim hava limanının mülki hissəsi və Tartus limanının kommersiya infrastrukturu Suriyanın nəzarətinə veriləcək və ölkənin mülki nəqliyyat sisteminə inteqrasiya olunacaq. Hər iki bazanın hərbi hissəsi isə Suriya və Rusiyanın birgə istifadə edəcəyi təlim və hazırlıq mərkəzlərinə çevriləcək. Keçid prosesinin üç ay ərzində başa çatdırılması planlaşdırılır.
Bu razılaşma 2024-cü ildə Bəşər Əsəd hakimiyyətinin devrilməsindən sonra Suriya ilə Rusiya arasında münasibətlərin yenidən qurulması istiqamətində atılan ən mühüm addımlardan biri hesab olunur. Yeni Suriya rəhbərliyi ölkənin suverenliyini gücləndirmək və xarici hərbi mövcudluğu yeni şərtlərlə tənzimləmək niyyətində olduğunu bildirir.
Rusiya Xarici İşlər Nazirliyi isə bəyan edib ki, memorandum iki ölkə arasında hərbi əməkdaşlığın və ümumilikdə ikitərəfli münasibətlərin inkişafına xidmət edəcək. Moskva Tartus və Hmeymim obyektlərini Yaxın Şərq, Aralıq dənizi və Afrikadakı strateji mövqeyi baxımından mühüm hesab edir. Razılaşmadan sonra da müəyyən sayda Rusiya hərbçisinin birgə təlim mərkəzlərində xidmətini davam etdirəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB