Ukrayna Rusiyada neft emalı zavodunu vurub

Ukrayna Rusiyada neft emalı zavodunu vurub

Ukrayna Rusiyanın Tatarıstan Respublikasının Nijnekamsk şəhərinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum həyata keçirib. Hücum nəticəsində 12 nəfər həlak olub, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Nijnekamsk şəhərinin meri Radmir Belyayev bildirib ki, hücum zamanı həm sənaye obyektləri, həm də yaşayış məntəqələri hədəfə alınıb. Onun sözlərinə görə, hadisədən sonra Tatarıstanın rəhbəri Rustam Minnixanov bölgədə matəm elan edib.

Rusiya mətbuatının məlumatına görə, hücum zamanı ölkənin texnoloji baxımdan ən inkişaf etmiş neft emalı müəssisələrindən biri hesab edilən Tatneft şirkətinə məxsus TANECO neft emalı zavodu da zərbə alıb. Bildirilir ki, həmin müəssisə bundan əvvəl də bu ilin iyun ayında Ukraynanın hücumuna məruz qalmışdı.

Bundan əlavə, Ukrayna Rusiyanın nəzarətində olan Donetsk vilayətinin Makiivka şəhərində yerləşən, əvvəllər Epicentr, hazırda isə Galaktika adı ilə tanınan ticarət mərkəzini də hədəfə alıb. Hücum nəticəsində ticarət mərkəzində yanğın baş verib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə