Tramp İrandan kompensasiya tələb edəcək

Tramp İrandan kompensasiya tələb edəcək

ABŞ Prezidenti Donald Tramp İranla bağlı yeni açıqlama verib. Tramp bildirib ki, Vaşinqton İranla müharibə zamanı həlak olan və yaralanan şəxslərlə bağlı Tehrandan kompensasiya tələb edəcək.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Trampın bu mövqeyi Tehran tərəfindən ABŞ-dan müharibə nəticəsində İrana dəymiş zərərin ödənilməsinin tələb edilməsindən bir neçə gün sonra açıqlanıb. İran hakimiyyəti Hörmüz boğazının yenidən açılması məsələsində Vaşinqtonun müharibə nəticəsində yaranmış zərərə görə kompensasiya ödəməsini şərtlərdən biri kimi irəli sürmüşdü.

Trampın açıqlamasına əsasən, ABŞ yalnız son müharibə zamanı itkilərlə bağlı deyil, həmçinin son 50 il ərzində İranda baş verən etirazlar zamanı öldürülən şəxslərlə bağlı da kompensasiya tələb etməyi nəzərdən keçirir.

İran Prezidenti Məsud Pezeşkian isə ölkənin Ali Rəhbəri Müctəba Xameneinin səhhəti ilə bağlı açıqlama verib.

Pezeşkian bildirib ki, Xameneinin səhhəti yaxşıdır. Onun sözlərinə görə, Ali Rəhbər yaxın zamanda keçirilən yeddi saatlıq görüş zamanı birlik və həmrəylik mesajı verib.

Xameneinin hakimiyyətə gəldikdən sonra ictimaiyyət qarşısında nadir hallarda görünməsi onun səhhəti ilə bağlı müxtəlif sualların yaranmasına səbəb olmuşdu. Pezeşkian isə bu iddialara aydınlıq gətirərək Ali Rəhbərin səhhətinin yaxşı olduğunu bildirib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə