Ukraynada keçmiş səfirə qarşı korrupsiya İTTİHAMI

Ukraynada keçmiş səfirə qarşı korrupsiya İTTİHAMI

Ukrayna Milli Antikorrupsiya Bürosu və İxtisaslaşdırılmış Antikorrupsiya Prokurorluğu Ukraynanın ABŞ-dakı keçmiş səfiri Olqa Stefanişinaya qarşı yeni ittiham irəli sürüb. Bu barədə Ukraynanın Korrupsiyaya Qarşı Mübarizə Mərkəzi öz "Telegram" kanalında məlumat yayıb.

Mərkəzin məlumatına görə, söhbət qanunsuz varlanmadan gedir. Xüsusilə, Stefanişinanın tapşırığı ilə üçüncü şəxslər tərəfindən əmlakın əldə edilməsi faktlarının müəyyənləşdirildiyi bildirilir. O, iki mənzili, həmin daşınmaz əmlakın təmirinə xərclənən maliyyə vəsaitini və daha bir mənzilin icarə haqqını bəyan etməyib.

Həmçinin bildirilir ki, Stefanişina anasının müalicəsinə və aviabiletlərə xərclənən vəsaitləri də bəyan etməyib. Qeyd olunan xərclərin şübhəli şəxsin gəlirlərini və qənaət etdiyi vəsaitləri üstələdiyi vurğulanır. Hazırda məhkəmə onun barəsində qətimkan tədbiri seçilməsi məsələsinə baxır.

Stefanişinanın işi üzrə prokuror qeyd edib ki, onun əldə etdiyi aktivlərin ümumi dəyəri 13,9 milyon qrivnanı (təxminən 528 780 manat) ötür.

İyul ayında ona qarşı ağır nəticələrə səbəb olan hakimiyyətdən və ya qulluq mövqeyindən sui-istifadə maddəsi ilə cinayət işi başlanıb. Xüsusilə, Stefanişina Avropa qanunvericiliyinin təhlili zamanı 2,5 milyon qrivnanı (təxminən 95 100 manat) mənimsəməkdə ittiham olunur.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə