Paşinyan Ermənistan müdafiə nazirinin fəaliyyətindən narazıdır

Paşinyan Ermənistan müdafiə nazirinin fəaliyyətindən narazıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan müdafiə naziri Suren Papikyanın fəaliyyətindən narazıdır.

SİA xarici KİV-ə istinadən xəbər verir k, bu barədə "Hraparak" qəzeti məlumat verib.

Məlumata görə, bu yaxınlarda ikisi arasında qızğın müzakirə olub.

Qeyd olunur ki, Paşinyan sülh dövründə orduda ölüm hallarının artmasından və Ermənistan Silahlı Qüvvələrinə ünvanlanan tənqidlərdən narazıdır.

Bundan əlavə, hökumət daxilində pərdəarxası söhbətlər gedirdi ki, Papikyan keçmiş parlament spikeri Alen Simonyanla eyni aqibəti yaşayacaq. Lakin nəşr iddia edir ki, öz arasından uyğun namizəd olmadığı üçün baş nazir heç bir risk etməmək qərarına gəlib və Müdafiə Nazirliyinin rəhbərini yenidən təyin edib.

Qəzet yazıb ki, "Baş nazir Papikyana müharibə olmadığını və yalnız qoşunların mənəvi və psixoloji rifahına diqqət yetirməli olduğunu bildirib. Döyüş tapşırıqlarını həll etməyə ehtiyac yox idi, lakin orduda daxili intizam məsələləri nəzərə alınmırdı və postlarda vəziyyət acınacaqlı idi".

Nəşr iddia edir ki, Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə ölüm statistikasını saxtalaşdırır və gizlədir. Qəzaların əksəriyyəti qeydə alınmır və yalnız mətbuat tərəfindən aşkar edilən hadisələr ictimailəşdirilir. Nazirlik bu halların bəzilərinin hərbi xidmətlə əlaqəsi olmadığını iddia edərək özünü müdafiə edir.

Xatırladaq ki, 21 iyulda Ermənistan İstintaq Komitəsi hərbi xidmətdə olan əsgər Narek Toroyanın ölümü barədə məlumat verərək, "intihara təhrik etmə" maddəsi ilə cinayət işinin açıldığını qeyd etmişdi. Toroyanın ölümü 2026-cı ilin ilk yeddi ayında Ermənistan hərbçisinin səkkizinci qeyri-döyüş ölümü idi. Medianın məlumatına görə, o, əsgər yoldaşları tərəfindən döyüldükdən sonra intihar edib.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə