Macarıstanın yeganə atom elektrik stansiyası istilər səbəbindən fəaliyyətini dayandırıb

Macarıstanın yeganə atom elektrik stansiyası istilər səbəbindən fəaliyyətini dayandırıb

Avropada hökm sürən anomal isti hava və quraqlıq Macarıstanın enerji sisteminə ciddi təzyiq yaradıb. Ölkənin elektrik enerjisinin təxminən yarısını təmin edən "Pakş Atom Elektrik Stansiyası" nın fəaliyyətini tamamilə dayandırmaq təhlükəsi yaranıb.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Macarıstanın yeganə atom elektrik stansiyası soyutma sistemləri üçün Dunay çayının suyundan istifadə edir. Lakin uzun müddət davam edən isti hava və quraqlıq nəticəsində çayda suyun səviyyəsi tarixi minimuma enib. Bu isə elektrik stansiyasının normal fəaliyyətini çətinləşdirib.

Hazırda stansiyanın dörd turbinindən yalnız biri işləyir və müəssisə əvvəlki gücünün təxminən 10 faizi ilə fəaliyyət göstərir. Macarıstanın Baş naziri Peter Magyar bildirib ki, qarşıdakı günlər enerji təminatı baxımından kritik olacaq. Dunayda suyun səviyyəsi yenidən aşağı düşərsə, stansiyanın tamamilə dayandırılması mümkündür.

Stansiyanın istehsal gücünün azalması fonunda Macarıstan hökuməti əhali və biznesləri könüllü şəkildə elektrik enerjisinə qənaət etməyə çağırıb. Artıq yüzlərlə şirkətin enerji istehlakını azaltmağa razılaşdığı bildirilir.

Stansiyanın tamamilə dayanması Macarıstanı elektrik enerjisi idxalını artırmağa məcbur edə bilər. Bu isə enerji xərclərinin yüksəlməsinə və elektrik şəbəkəsində əlavə gərginlik yaranmasına səbəb ola bilər. Reuters-in məlumatına görə, böhranın Macarıstana 100-200 milyard forintə qədər əlavə xərc yaratması mümkündür.

Dunay çayında suyun səviyyəsinin kəskin azalması regionun digər ölkələrində də enerji istehsalına təsir göstərir. Rumıniyada Cernavoda Atom Elektrik Stansiyasının soyutma sisteminin normal işləməsi üçün su axınını artırmaq məqsədilə çayda idarə olunan partlayış həyata keçirilib.

Mütəxəssislər Avropada rekord temperatur və quraqlığın enerji infrastrukturu üçün yaratdığı risklərin iqlim dəyişmələrinin nəticələri fonunda daha da aktuallaşdığını bildirirlər. Çayların səviyyəsinin aşağı düşməsi təkcə atom elektrik stansiyalarının fəaliyyətinə deyil, həm də hidroenergetikaya və çay nəqliyyatına ciddi təsir göstərir.

Hazırda Macarıstan hakimiyyəti Dunayda su səviyyəsinin vəziyyətini diqqətlə izləyir. Son məlumatlara görə, suyun səviyyəsində cüzi artım qeydə alınıb və bu, stansiyanın tam dayandırılmasının qarşısını hələlik alıb. Lakin havaların isti keçməsi səbəbindən təhlükənin tam aradan qalxmadığı bildirilir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə