UFC döyüşçüsü Allan Nasimento 34 yaşında vəfat edib - İDMAN

UFC döyüşçüsü Allan Nasimento 34 yaşında vəfat edib - İDMAN

UFC döyüşçüsü, braziliyalı Allan Nasimento 34 yaşında vəfat edib. İdmançının yuxuda olarkən ehtimal olunan ürək tutmasından dünyasını dəyişdiyi bildirilir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, UFC-nin məlumatına görə, Nasimento avqustun səhər saatlarında yuxuda olarkən huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə gələn tibbi heyətin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

UFC açıqlamasında Nasimentonun ailəsinə, dostlarına, komanda yoldaşlarına və yaxınlarına başsağlığı verib.

San-Paulu şəhərində yaşayan idmançının iki övladı var.

Nasimentonun son döyüşü iyun ayında keçirilib. O, həmin qarşılaşmada Mitç Raposoya hakimlərin bölünmüş qərarı ilə məğlub olub.

Allan Nasimento UFC-də 4 qələbə və 2 məğlubiyyət əldə edib. Ümumilikdə isə onun MMA karyerasında 22 qələbəsi və 7 məğlubiyyəti olub.

Nasimentonun çıxış etdiyi “Chute Boxe” klubu da idmançının vəfatı ilə bağlı açıqlama yayıb. Klub onu döyüşçü, dost, fədakar rəqib və nümunəvi insan kimi xarakterizə edib.

Qeyd olunub ki, Nasimento həm rinqdə, həm də gündəlik həyatda əzmkarlığı, təvazökarlığı, hörməti və mübarizə ruhu ilə ətrafındakılara ilham verib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə