Türkiyə Ermənistanla sərhəddə dəmir yolunu yeniləyir - TÜRKİYƏ

Türkiyə Ermənistanla sərhəddə dəmir yolunu yeniləyir - TÜRKİYƏ

Türkiyənin Ermənistanla sərhəddə yerləşən dəmir yolu xəttinin yenidən qurulması istiqamətində işləri tam həcmdə davam etdirdiyi bildirilir.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Türkiyənin Qars vilayətinin Akyaka rayon rəhbəri İsmail Demirtaş ərazidə aparılan tikinti işləri ilə tanış olmaq üçün dəmir yolu sahəsinə baş çəkib.

Səfər zamanı ona görülən işlərin hazırkı vəziyyəti barədə ətraflı məlumat verilib. İşlər çərçivəsində relslərin yenilənməsi, dəmir yolu infrastrukturunun möhkəmləndirilməsi, texniki xidmət və təmir, eləcə də xəttin təhlükəsizliyinin artırılması ilə bağlı tədbirlər həyata keçirilir.

Bildirilib ki, strateji əhəmiyyət daşıyan dəmir yolu xəttində işlərin tamamlanması nəqliyyat infrastrukturunun müasirləşdirilməsinə, daşımaların təhlükəsizliyinin artırılmasına və dəmir yolu nəqliyyatının inkişafına töhfə verəcək.

Texniki xidmət, təmir və yenidənqurma işləri başa çatdıqdan sonra xəttin daha müasir, təhlükəsiz və səmərəli fəaliyyət göstərəcəyi, uzun müddət istifadəyə yararlı olacağı qeyd edilib.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə