"Ümid edirəm ki, məndən niyə Bakıda doğulduğumu soruşmayacaqlar" - Qabrielyan

"Ümid edirəm ki, məndən niyə Bakıda doğulduğumu soruşmayacaqlar"  - Qabrielyan

"Ümid edirəm ki, müxalifət mənə yaxınlaşıb niyə Bakıda doğulduğumu soruşmayacaq". SİA erməni mətbuatına istinadən xəbər verir ki, Vətəndaş Müqaviləsi Partiyasından olan millət vəkili Vilen Qabrielyan bunu 2 avqustda 9-cu çağırış parlamentin ilk iclasında bildirib.

O, müxalifət millət vəkillərinin parlament spikerliyinə namizəd Ruben Rubinyanın Türkiyədə təhsil alması məsələsini qaldırmasına istinad edib. Millət vəkili zaldakı millət vəkillərinin təxminən 25-30%-nin Türkiyəyə - Ankara, İstanbul, Qars, İğdır və Antalyaya səfər etdiyinə əminliyini bildirib. O, Antalyada olduğunu etiraf edib. "Mən həmçinin digər ölkələrdəki türklər və azərbaycanlılarla da ünsiyyətdə olmuşam", - Qabrielyan vurğulayıb.

Millət vəkili qeyd edib ki, Rubinyan cavab olaraq Türkiyə kəşfiyyat zabitləri ilə ünsiyyətdə olmadığını bildirib və mövzunun dayandırılmasını istəyib. Qabrielyan müxalifəti apokaliptik gündəliyindən imtina etməyə çağırdı, çünki onun fikrincə, bu, cəmiyyət tərəfindən qəbul edilmir və fraksiyalarındakı deputatların sayını dəyişdirmək riski daşıyır.

Qeyd edək ki, erməni deputatlar arasında Azərbaycana qarşı nifrət bəsləyənlər çoxdur. Onlar əsasən müxalifət düşərgəsində lövbər salıblar. Hakimiyyətdə təmsil olunacaq şəxslərin öncə harada doğulduqları, Azərbaycana və Türkiyəyə münasibətləri əsas götürülür. Və bu da Ermənistan parlamentinin yeni seçilən sədri Ruben Rubinyanın Türkiyədə təhsil alması, hakim partiyadan olan bəzi millət vəkillərinin Azərbaycanda doğulması kimi absurd iddiaları gündəmə gətirib.

Müəllif: Vəli Vəliyev

Bütün xəbərlər Facebook səhifəmizdə