Türkiyə və İraq neft ixracını davam etdirmək məqsədilə iki ölkəni birləşdirən neft kəmərinin fəaliyyəti ilə bağlı bir illik yeni razılaşma imzalayıb. Razılaşma İraq neftinin Türkiyənin Aralıq dənizi sahilində yerləşən Ceyhan limanı vasitəsilə dünya bazarlarına çıxarılmasını təmin edir.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeni anlaşmaya əsasən, İraq-Türkiyə Neft Kəməri (ITP) vasitəsilə gündəlik 750 min barrelədək xam neftin daşınması nəzərdə tutulur. Saziş Türkiyənin dövlət enerji şirkəti BOTAŞ ilə İraqın neft şirkətləri SOMO və NOC arasında imzalanıb.
Hazırda kəmərin texniki ötürmə gücü gündə 1,5 milyon barrel olsa da, faktiki nəql həcmi daha aşağıdır. Tərəflər bir illik razılaşmanı daha uzunmüddətli enerji əməkdaşlığı üçün danışıqları davam etdirmək məqsədilə keçid mərhələsi kimi qiymətləndirirlər.
Razılaşma qlobal enerji bazarında dəyişikliklərin yaşandığı bir dövrə təsadüf edir. Xüsusilə Hörmüz boğazında yaranan gərginliklər fonunda İraq neft ixrac marşrutlarını şaxələndirməyə çalışır. Türkiyə üzərindən keçən kəmər Bağdada dəniz yollarından asılılığı azaltmaq və enerji təhlükəsizliyini gücləndirmək imkanı verir.
İraq üçün bu kəmər strateji əhəmiyyət daşıyır. Çünki ölkənin əsas ixrac yollarından biri olan bu xətt əvvəllər İraq Kürdüstanından neft ixracı ilə bağlı mübahisələr səbəbindən uzun müddət məhdud fəaliyyət göstərib. Yeni razılaşma isə neft axınının sabitliyini qorumağa yönəlib.
Türkiyə isə enerji mərkəzi kimi mövqeyini gücləndirməyə çalışır. Ankara gələcəkdə İraqın cənubundakı neft yataqlarını da bu sistemə qoşmaq və kəmərin tam gücündən istifadə etmək niyyətində olduğunu bildirib.
Ekspertlər hesab edir ki, Türkiyə-İraq enerji əməkdaşlığının genişlənməsi regionda neft ticarətinin istiqamətlərinə təsir göstərə və qlobal enerji bazarında yeni logistika imkanları yarada bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB