Yaxın Şərqdəki ABŞ hərbçilərinin mobil telefonları toplana bilər

Yaxın Şərqdəki ABŞ hərbçilərinin mobil telefonları toplana bilər

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper Yaxın Şərqdə xidmət edən amerikalı hərbçilərə əməliyyat təhlükəsizliyi ilə bağlı ciddi xəbərdarlıq edib. Bildirilir ki, bölgədə xidmət edən bəzi ABŞ hərbçilərinin mobil telefonlarının yaxın günlərdə toplanması məsələsi müzakirə olunur.

SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Kuper qeyd edib ki, hərbçilərin mobil telefonlarla çəkdikləri görüntülər və sosial şəbəkələrdə paylaşdıqları videolar İranın ABŞ hərbi bazalarına endirdiyi zərbələrin nəticələrini real vaxtda qiymətləndirməsinə imkan yaradır.

Komandan məktubunda vurğulayıb ki, İran jurnalistlərin paylaşımlarından, eləcə də hərbçilərin telefonları ilə çəkilən foto və videolardan istifadə edərək hücumların nə dərəcədə uğurlu olduğunu müəyyənləşdirə bilir. Onun sözlərinə görə, açıq mənbələrdən əldə edilən bu məlumatlar ABŞ hərbçilərinin və Körfəz ölkələrində yaşayan mülki şəxslərin həyatını risk altına qoya bilər. Buna görə də hərbi hissələrə əməliyyat təhlükəsizliyi qaydalarına daha ciddi əməl etmək tapşırılıb.

İranın tez-tez hədəf aldığı İordaniyada yerləşən bəzi ABŞ hərbçilərinə telefonlarının yaxın vaxtlarda toplanacağı bildirilib. Digər mənbə isə bu addımın təkcə İordaniyada deyil, ümumilikdə region üzrə nəzərdən keçirildiyini, lakin hələ yekun qərarın verilmədiyini deyib.

CENTCOM-un sözçüsü kapitan Timoti Hokins isə admiral Kuperin məktubunun əsas məqsədinin hərbçilərə əməliyyat təhlükəsizliyi qaydalarını bir daha xatırlatmaq olduğunu bildirib.

Məktubda həmçinin iyulun 17-də İordaniyadakı Muwaffaq Salti Hərbi Hava Bazasına İranın hücumu zamanı kameralı ağıllı eynəklə çəkilmiş görüntülər nümunə kimi göstərilib. Kuper qeyd edib ki, bu cür videolar İranın raket zərbələrinin dəqiqliyini və təsirini qiymətləndirməsinə kömək edir və faktiki olaraq qarşı tərəfə pulsuz kəşfiyyat məlumatı təqdim edir.

Müəllif: Lətifə Musayeva

Bütün xəbərlər Facebook səhifəmizdə