Fransanın Jirond departamentində yanğınlar davam edir...

...ərazidəki bəzi müəssisələr bağlanır
Fransanın Jirond departamentində yanğınlar davam edir...

Fransanın yüksək texnologiyalar və müdafiə sənayesi şirkəti olan “Thales” Jirond departamentində davam edən meşə yanğınları ilə əlaqədar Merinyak şəhərindəki müəssisəsinin fəaliyyətini dayandırdığını açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, şirkətin yaydığı məlumata görə, qərar Jirond prefekturasının göstərişlərinə uyğun olaraq qəbul edilib.

“Thales” yanğınlardan zərər çəkən əməkdaşlarına dəstək göstərildiyini, vəziyyətin isə səlahiyyətli qurumlarla sıx koordinasiya şəraitində izlənildiyini bildirib.

Şirkət, həmçinin müəssisədə yerləşən strateji avadanlıqların qorunması və müştərilər qarşısındakı öhdəliklərin fasiləsiz yerinə yetirilməsi üçün bütün zəruri addımların atıldığını vurğulayıb. “Thales” yanğınların söndürülməsində iştirak edən peşəkar və könüllü yanğınsöndürənlərə də təşəkkürünü ifadə edib.

Təxminən 85 min əməkdaşı olan “Thales” Fransanın müdafiə sənayesi sahəsindəki əsas şirkətlərindən biridir və silahlı qüvvələr üçün kritik əhəmiyyət daşıyan avadanlıq və sistemlər istehsal edir. Şirkətin yerləşdiyi Bordonun ətrafındakı qərb zonası ölkənin mühüm elmi və müdafiə infrastrukturlarının cəmləşdiyi strateji bölgələrdən hesab olunur.

Bu arada, yerli hakimiyyət orqanlarının məlumatına görə, Lacano kurortundan əlavə 4 min nəfər təhlükəsizlik məqsədilə təxliyə edilib. İyulun 22-dən bəri Jirond departamentində ümumilikdə 220 mindən çox insan evlərini və ya istirahət məkanlarını tərk etməyə məcbur olub. Təxminən bir həftədir davam edən yanğınlar hələ də tam nəzarət altına alınmayıb və indiyədək 42 mindən çox hektar ərazi yanıb. Hazırda alovla mübarizəyə 2 mindən çox yanğınsöndürən, onlarla xüsusi texnika və aviasiya vasitəsi cəlb olunub.

Avropa İttifaqının Mülki Müdafiə Mexanizmi çərçivəsində Fransaya hava dəstəyi də gücləndirilir. Türkiyə də bu beynəlxalq yardım çərçivəsində yanğınların söndürülməsi üçün yanğınsöndürmə təyyarəsi göndərərək əməliyyatlara dəstək verir.

Bütün xəbərlər Facebook səhifəmizdə