Rusiyanın Şimali Qafqaz bölgəsində yerləşən və Avropanın ən hündür zirvəsi hesab olunan Elbrus dağında baş verən faciə nəticəsində beş alpinist həyatını itirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, yeddi nəfərlik alpinist qrupu dırmanış zamanı güclü qar fırtınası və əlverişsiz hava şəraiti ilə üzləşib. Qrup üzvlərindən ikisi xilas edilərək tibbi yardım üçün xəstəxanaya çatdırılıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, xilasedicilər əvvəlcə 5 350 metr yüksəklikdə iki alpinistin cəsədini aşkar edərək dağdan endiriblər. Daha sonra daha üç nəfərin meyiti tapılıb. Lakin əlverişsiz hava şəraiti səbəbindən onların təxliyəsi dərhal mümkün olmayıb.
İlkin məlumata görə, həlak olan alpinistlər Bosniya və Herseqovina vətəndaşlarıdır. Bosniya KİV-lərinin yaydığı xəbərlərdə bildirilir ki, ekspedisiyanın iştirakçıları Zenitsa şəhərinin sakinləri olub.
Hündürlüyü 5 642 metr olan Elbrus dağı hava şəraitinin qəfil dəyişməsi ilə tanınır. Güclü külək və çovğun axtarış-xilasetmə əməliyyatlarını çətinləşdirib. Hadisənin səbəbləri araşdırılır.
Lətifə Musayeva
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)


USD
EUR
GBP
RUB