Türkiyənin GES-lərində elektrik enerjisi istehsalı rekord həddə çatıb

Türkiyənin GES-lərində elektrik enerjisi istehsalı rekord həddə çatıb

Türkiyənin Günəş elektrik stansiyalarında (GES) enerji istehsalı iyun ayında rekord həddə - 4,99 milyard kVt/saata çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, ölkədə ötən ay ümumilikdə 30,35 milyard kVt/saat elektrik enerjisi istehsal edilib ki, bunun da 16,4 faizi Günəş elektrik stansiyalarının payına düşüb. Türkiyədə elektrik enerjisinin üçdə birindən çoxu (34,7 faiz) su elektrik stansiyalarının (SES) payına düşüb (10,54 milyard kVt/saat).

Ümumilikdə, ilin birinci yarısında Türkiyənin GES-lərində 19,2 milyard kVt/saat, SES-lərdə 57 milyard kVt/saat istehsal edilib. Külək enerjisi hesabına daha 21,5 milyard kVt/saat elektrik enerjisi istehsal edilib.

Energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin bərpaolunan enerji mənbələrindən tam istifadə etməyə davam edəcəyini vurğulayıb: “Anadolunun səxavətli günəşini ölkəmiz üçün firavanlığa çevirmək üçün bu istiqamətdə işi davam etdirəcəyik”.

Bütün xəbərlər Facebook səhifəmizdə