Britaniyanın yeni Baş naziri rəqəmsal şəxsiyyət vəsiqəsi planını ləğv edir

Britaniyanın yeni Baş naziri rəqəmsal şəxsiyyət vəsiqəsi planını ləğv edir

Böyük Britaniyanın yeni Baş naziri olacaq Endi Börnham iyulun 20-də vəzifəsinin icrasına başladıqdan sonra hökumətin bütün yetkin ölkə vətəndaşları üçün nəzərdə tutduğu rəqəmsal şəxsiyyət vəsiqəsi planını ləğv edəcəyini açıqlayıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, A. Börnhamın ofisinin yaydığı məlumata görə, bu qərar hökumətin diqqətini əhalinin gündəlik problemlərinin həllinə yönəltmək məqsədi daşıyır. Bildirilib ki, rəqəmsal şəxsiyyət vəsiqəsi layihəsinə ayrılması nəzərdə tutulan maliyyə və resurslar yaşayış xərclərinin azaldılmasına və digər prioritet sahələrə yönəldiləcək.

Qeyd edək ki, rəqəmsal şəxsiyyət vəsiqəsi ideyası ötən il keçmiş Baş nazir Kir Starmer tərəfindən Leyboristlər Partiyasının illik konfransı ərəfəsində irəli sürülmüşdü. Starmer hesab edirdi ki, məcburi rəqəmsal şəxsiyyət sistemi qanunsuz məşğulluqla mübarizəni gücləndirəcək və dövlət xidmətlərini daha da müasirləşdirəcək.

Böyük Britaniyanın Büdcə Məsuliyyəti Ofisi ötən ilin noyabrında bu proqramın üç il ərzində təxminən 1,8 milyard funt-sterlinqə başa gələcəyini proqnozlaşdırmışdı. Lakin həmin vaxt Baş nazirin ofisi bu hesablamanı qəbul etməmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə