İqlim dəyişikliyinin yeniyetmələr, xüsusilə də qızlarda yaratdığı psixoloji təsirlər öyrənilib. SİA "MedicalXpress” portalına istinadla xəbər verir ki, bu tədqiqat ilk genişmiqyaslı araşdırmadır. Banqladeşdə 1000-dən çox yeniyetmə ilə sorğu keçirilib, daşqınlara məruz qalan Barisal və daha sabit olan Dəkkə şəhərlərində qruplar təşkil edilib. Daşqın riski yüksək olan Barisaldakı yeniyetmələrdə təşviş əlamətləri iki dəfə, depressiya əlamətləri isə üç dəfə çox müşahidə olunub. Qızlar arasında məişət stresi və zorakılıqla bağlı narahatlıqlar artır. İqlim qorxusu yeniyetmələrin gündəlik rifahına və gələcəklə bağlı planlarına mənfi təsir göstərir. Müşahidələrə görə, daimi stres şəraitində ailələr uzunmüddətli planlaşdırma əvəzinə yalnız qısamüddətli tədbirlərə yönəlirlər. Gənclər iqlim hadisələrinin ailə gəlirlərinə vurduğu zərər səbəbindən təhsil və karyera planlarını unudur, nəticədə isə fatalizm, erkən nikah və emosional gərginliklə üzləşdiklərini bildiriblər.
Araşdırmanın müəlliflərindən olan Liza Qoldberq bu tapıntıların iqlim dəyişikliyindən ən çox təsirlənən gənclərin, xüsusən də qızların psixoloji vəziyyətinə dair nadir və vacib məlumatlar təqdim etdiyini vurğulayıb. Tədqiqatın nəticələri psixi sağlamlıq problemlərinin cəmiyyətin iqlim dəyişikliyinə uyğunlaşma qabiliyyətinə mane olduğunu göstərir. Qeyd olunur ki, gənclərin gələcəklə bağlı plan qura bilməməsi, bütövlükdə cəmiyyətin dayanıqlılığını təhlükə altına alır. Bu tədqiqat iqlim dəyişikliyinin təkcə fiziki və iqtisadi deyil, həm də ciddi psixoloji nəticələr doğurduğunu və bu təsirlərin qiymətləndirilməsi ilə bağlı daha dərin və davamlı araşdırmalara ehtiyac olduğunu ortaya qoyur.
Bütün xəbərlər Facebook səhifəmizdə