Parisdə İnsan Hüquqları meydanında aksiya keçirilib

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Fransanın müstəmləkəsi olan ölkələrin nümayəndələri Parisdə Trakodero - İnsan Hüquqları meydanında aksiya keçiriblər.

SİA xəbər verir ki, İnsan Hüquqları meydanına toplaşan, keçmişdə və hələ də Fransanın müstəmləkəsi altında olan ölkələrin - Yeni Kaledoniya, Korsika, Madaqaskar, Qəmər adaları, Əlcəzairdən olan insanlar kolonializmə etirazlarını bildiriblər. Onlar əllərində “Ədalətsizliyə qarşı birlikdə olaq”, “Xalqların suverenliyi: sizin subyektlər deyilik”, “Azadlıq uğrunda mübarizə: kolonializmə yer yoxdur”, “Keçmişin yaraları sağalmalıdır: birgə hərəkət edək”, “Bütün xalqlara azadlıq: kolonializm bitdi”, “Gücümüz birlikdədir: burda kolonializmə yer yoxdur”, “Fransa elə kasıbdır ki, malqaşlardan oğurluq edir” kimi şüarlar səsləndiriblər.

Müxtəlif ölkələrin nümayəndələri çıxış edərək, ölkələrinin, xalqlarının fransız müstəmləkəsi altında əzildiyini bildiriblər.

Əlcəzairli nümayəndə Fransa müstəmləkəçiliyi illərində 1,5 milyon əlcəzairlinin qətlə yetirildiyini - Əlcəzair xalqının fransız soyqırımına məruz qaldığını bildirib. O qeyd edib ki, Əlcəzair Fransa müstəmləkəsindən azad olduğu kimi, digər ölkələr də fransız müstəmləkəçiliyindən azad olmalıdır və olacaq. Bunun üçün birlik vacibdir. Korsikadan, Yeni Kaledoniyadan olan nümayəndələr BMT Baş Assambleyasının 1960-cı il dekabrın 14-də qəbul edilmiş 1514 (XV) saylı qətnaməni xatırladıblar. Bildiriblər ki, BMT qətnaməsi müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsini tələb edir. O vaxtdan 14 dekabr dünyada “dekolonizasiya günü” kimi qeyd olunur. Onların da bu günü seçməsi təsadüfi deyil. Fransanın müstəmləkəsi altında olan ölkələr azadlıqlarını tələb edir.

Qeyd edək ki, 1960-cı il dekabrın 14-də BMT Baş Assambleyası müstəmləkə altında olan xalqların öz müqəddəratını təyinetmə hüququnun təmin edilməsi məqsədilə “Müstəmləkə ölkələrinə və xalqlarına müstəqilliyin verilməsi haqqında Bəyannamə” qəbul edib. 14 Dekabr dünyada Dekolonizasiya Günü kimi qeyd olunur. Bu bəyannamə müstəmləkəçilik dövrünün, dünya miqyasında müstəmləkəçiliyin sona çatdırılması prosesini sürətləndirmək və xalqların öz müqəddəratını təyinetmə hüququnun tanınması baxımından tarixi əhəmiyyət daşıyır.

Bütün xəbərlər Facebook səhifəmizdə