Ukrayna NATO-dan yardımlar almağa davam edir

Bu həftə Vilnüsdə keçirilən sammitdə NATO liderləri Ukraynanın gələcəkdə nə vaxtsa alyansa qoşula biləcəyini deyiblər, lakin Kiyevin dərhal dəvətə olan ümidləri puça çıxıb. SİA Reuters agentliyinə istinadən xəbər verir ki, Ukraynanın NATO-ya daxil olması ilə bağlı mühafizəli bəyanat prezident Vladimir Zelenskini əsəbiləşdirib. Lakin Rusiya ilə 16 aylıq müharibədən sonra onun ölkəsi hələ də sammitdən bəzi maddi “mükafatlarla” ayrılmağa hazırlaşır.

NATO Ukraynanı dərhal qoşulmağa dəvət təklif etməsə də, Üzvlük Fəaliyyət Planı (MAP) adlanan planı yerinə yetirməsi üçün Ukraynanın qarşısına qoyulan tələbdən imtina etdi və Kiyevin alyansa daxil olması yolunda maneəni aradan qaldırdı.

Bu gün yeni NATO-Ukrayna Şurasının ilk iclası da keçirilib. Bu, Kiyev və 31 dövlətin daxil olduğu alyans arasında əməkdaşlığı gücləndirmək üçün nəzərdə tutulmuş yeni formatdır. Bəyannamədə NATO ölkələri də Ukraynaya nə qədər lazımdırsa dəstək verəcəklərini bəyan ediblər.

G7 ölkələri Ukraynanın Rusiyaya qarşı müdafiəsini gücləndirmək və Moskvanın gələcək təcavüzündən çəkindirmək üçün uzunmüddətli təhlükəsizlik təminatlarına yol açacaq beynəlxalq çərçivəni elan etməyə hazırlaşırlar.

Fransa Britaniyaya qoşularaq Ukraynanı 250 km qət edə bilən uzaqmənzilli qanadlı raketlərlə təchiz edəcək.

Britaniya Ukraynaya 70-dən çox döyüş və logistik maşın, “Challenger 2” tankları üçün minlərlə patron və avadanlıqların təmiri üçün 50 milyon funt-sterlinq (65 milyon dollar) dəstək paketi təqdim edəcəyini bildirib. Britaniya həmçinin NATO vasitəsilə Ukrayna əsgərləri üçün tibbi reabilitasiya mərkəzinin yaradılması layihəsinə start verəcək.

11 ölkədən ibarət koalisiya avqust ayında Danimarkada F-16 qırıcılarını idarə etmək üçün ukraynalı pilotların təliminə başlayacaq, Rumıniyada isə təlim mərkəzi yaradılacaq. Hələ qərar verilməsə də, təlim proqramı döyüş təyyarələrinin tədarükü razılaşdırılarsa, gələn ilin əvvəlinə qədər ukraynalı pilotlar və xidmət personalı F-16-ları döyüşdə istifadə edə biləcək.

Almaniya hökuməti Ukraynaya 700 milyon avroluq (770 milyon dollar) hərbi yardım paketini yekunlaşdırıb, o cümlədən Bundesver ehtiyatından iki Patriot buraxılış qurğusu, 40 əlavə Marder piyada döyüş maşını, həmçinin əlavə döyüş tankları və sursatlarla təmin ediləcək.

Norveç bu il Ukraynaya hərbi dəstəyini 2,5 milyard kron (239 milyon dollar) artıraraq 10 milyarda çatdıracaq.

Müəllif: Aysel Naibli

Bütün xəbərlər Facebook səhifəmizdə