Qızının çəkdiyi şəkilə görə, ataya hökm oxunub

Tula vilayətində Efremovski Rayon Məhkəməsi müharibə əleyhinə rəsm çəkən məktəbli qızın atası Aleksey Moskalevi iki il müddətinə azadlıqdan məhrum edib. Moskalev sosial şəbəkələrdə yazılan şərhlərə görə ordunu dəfələrlə gözdən salmaqda təqsirli bilinib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, günahını etiraf etməyib.

Qeyd edək ki, təqsirləndirilən şəxs məhkəmədə iştirak etməyib. Məhkəmənin nümayəndəsi Moskalevin ev dustaqlığından qaçdığını bildirib. Vəkil Vladimir Biliyenko jurnalistlərə bildirib ki, müvəkkilinin qaçması barədə heç nə bilmir.

Müdafiəçinin sözlərinə görə, Moskalevin qızı Mariyanın taleyi yaxın bir ayda həll olunacaq. Qəyyumluq qızın qohumlarının və digər şəxslərin mümkün müraciətlərinə baxacaq.

O, uşağı uşaq evinə də göndərə bilər.

Xatırladaq ki, Moskalyovun işi onun 6-cı sinif şagirdi olan qızı Maşanın təzyiqə məruz qalması ilə başlayıb. Belə ki, hələ 2022-ci ilin aprelində Maşa Ukrayna bayrağı olan bir qadının uşağını uçan raketlərdən qoruduğunu göstərən rəsm çəkib. Bundan sonra məktəb rəhbərliyinin təşəbbüsü ilə ailə polis və Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin yoxlamalarına məruz qalıb.

Bundan əlavə Moskalev valideyn hüquqlarından məhrum edilməklə hədələnib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə