AEF ilə TÜBİTAK arasında protokol imzalandı

Azərbaycan Elm Fondunda (AEF) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Hasan Mandalla görüş keçirilib

Azərbaycan Elm Fondunda (AEF) Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) prezidenti professor Hasan Mandalla görüş keçirilib. Bu barədə AMEA-dan məlumat verilib. Bildirilib ki, görüşün keçirilməsində əsas məqsəd TÜBİTAK ilə AEF arasında birgə layihələrin təşkil edilməsi, gənc tədqiqatçılar üçün imkanların yaradılması və kadr mübadiləsinin aparılması istiqamətində əməkdaşlıq əlaqələrinin qurulması olub.

Azərbaycan Elm Fondunun icraçı direktoru Mehriban İmanova ölkədə elmin və təhsilin inkişafı sahəsində həyata keçirilən dövlət proqramları və layihələr, dünyanın bir çox elmi mərkəzləri ilə qurulan sıx əlaqələr barədə məlumat verib. AEF-in fəaliyyət istiqamətlərindən danışan M.İmanova fondun ölkədə elmin müxtəlif sahələrində aparılan elmi araşdırmaların səmərəliliyinin artırılması, elmi tədqiqatların stimullaşdırılmasının təmin edilməsi, o cümlədən bu sahədə dövlət dəstəyinin və dövlət idarəetmə mexanizmlərinin təkmilləşdirilməsinə dəstək verdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən professor Hasan Mandal iki qurum arasında təcrübə mübadiləsinin möhkəmləndirilməsinin zəruriliyindən danışıb. TÜBİTAK-ın prezidenti əməkdaşlıq çərçivəsində birgə elmi-tədqiqat, eksperimental-konstruktor və innovasiya layihələrinin maliyyələşdirilməsinə dəstək verməyə hazır olduqlarını qeyd edib.

Görüşdə iki qurum arasında birgə tədqiqatlara dair icra olunacaq müştərək layihələr, prioritet istiqamətlər, maliyyə resursları və digər məsələlər ətrafında müzakirələr aparılıb. Müzakirələrdə TÜBİTAK-ın AEF-lə birgə gənclər üçün qrant müsabiqəsinin elan olunması məsələsinə də diqqət ayrılıb.

Sonda elm, texnologiya və innovasiyalar üzrə əməkdaşlığa dair protokol imzalanıb. İmzalanmış protokol çərçivəsində AEF ilə TÜBİTAK arasında fundamental, tətbiqi, eksperimental, akademik, empirik, innovativ, nəzəri xarakterli müsabiqələrin həyata keçirilməsi planlaşdırılır.

Azərbaycanla Türkiyə arasında icra olunacaq beynəlxalq qrant müsabiqələrin məqsədi iki ölkədən olan alim və tədqiqatçıların təqdim etdiyi birgə elmi-tədqiqat layihələrinin AEF və TÜBİTAK-ın birgə qrantları vasitəsilə dəstəklənməsi, bu tədqiqatların iqtisadiyyatda tətbiqinə şərait yaradılması, yeni əməkdaşlıq imkanlarının açılması, elmi təcrübə və bacarıqların mübadiləsi, layihə üzrə qoyulmuş elmi problemlərin həllində onlardan istifadə edilməsidir. Qeyd edək ki, SİA bu barədə Tükiyə saytlarına istinad edir.

Bütün xəbərlər Facebook səhifəmizdə