Vatsapdan gələn iş təkliflərinə inanmaq olar? - İT MÜTƏXƏSSİSİ DANIŞDI

"Sizin nömrənizə çox cazib iş təklifləri gəlirsə bu nömrə böyük ehtimalla Azərbaycan prefiksinə sahib olmayacaq. Bu üsulla dələduzluq edənlər əsasən həmin nömrələri kirayələyirlər". Bu sözləri SİA-ya verdiyi açıqlamada İT mütəxəssisi Bəxtiyar Həsənov bildirib.

O, qeyd edib ki, əgər sizə xarici qeydiyyatlı bir nömrədən mesaj gəlirsə bu təklifə, bu mesaja məsafəli davranmağınız məsləhətdir: "Sizə yazan xarici prefiksli nömrə profili təsdiqlənmiş bir hesabdan yazmırsa yenə də şübhəli yanaşmalısız. Bəzi hallarda xarici şirkətlər də bu cür kommunikasiya üsullarından istifadə edə bilirlər. İntəhası, təsdiqlənməmiş, xarici prefiksli nömrələrə etibar etməyin.

İkinci məsələ ondan ibarətdir ki, bu "iş təklifləri" "+994" prefiksiylə də edilə bilər. Lakin bu variantda da dələduzluq hallarıyla qarşılaşılır. Unutmayın, heç bir iş təklifində filan işi görəcəksən, filan qədər pul qazanacaqsan kimi təkliflər olmur. Normal iş təkliflərində ən sadə işi görmək üçün belə sizdən "CV" tələb olunur.

Məqsədini dəqiq bilmədiyiniz bu adamın sizdən nələr tələb etdiyinə baxmaq lazımdır. Çox sadə iş görəcəksən, çox qazanacaqsan və gəlirin getdikcə artacaq deyilirsə bunun saxtakarlıq halı olmaq ehtimalı çox yüksəkdir. Çox vaxt bu cür hallarda ilkin olaraq sizdən müəyyən bir ödəniş etməyiniz və atılan linki paylaşmağınız tələb olunur. Linki paylaşdıqda sizə ödədiyiniz məbləği geri qaytarırlar və sizdə özlərinə qarşı etibar yaradırlar. Bu məbləğ artdıqca sizə daha çox qazandırırlar. Dördüncü və beşinci dəfə sizdən daha çox məbləğ tələb edib, daha çox qazanacağınızı vəd edirlər. Siz həmin məbləği də ödədikdə pulunuz əsla geri qayıtmır. Nəticədə onlar istədikləri məbləği sizdən almış olurlar. Bu tip hallardan mütləq qorunmaq lazımdır. Vatsapın təklif etdiyi belə bir variant var ki tanımadığınız nömrədən gələn mesajları "spam mesaj" olaraq işarələyə bilirsiz. Bunun sayəsində artıq sizə həmin nömrədən heç bir təklif gəlmir. Bununla yanaşı siz xarici bir dələduzun hədəfindəsinizsə sizə yazılan mesaj xətalarla dolu olacaq. Çünki bu dələduzlar əsasən tərcümə proqramlarından istifadə edirlər. Həmin tətbiqlərdə də tərcümə edilən yazılar çox qeyri-peşəkar stildə olur".

Fazil Mehdixanlı

Bütün xəbərlər Facebook səhifəmizdə