"Məktəblərdə şahmat dərsləri uşaqların intellektual inkişafını artırır" - ŞƏRH EDİLDİ

"Gənc şahmatçıların Azərbaycan çempionatında yarımfinal mərhələsinə yüksəlməsi göstərir ki, erkən yaşdan sistemli hazırlıq çox önəmlidir".

Bu sözləri SİA-ya açıqlamasında şahmat üzrə müəllim Fərid Abbasov deyib.

Onun sözlərinə görə, məktəblərdə şahmat dərslərinin tətbiqi uşaqlarda: məntiqi düşüncə, diqqət və intizam, strateji qərarvermə bacarığı formalaşdırır: "Lakin əsas məsələ təkcə dərsin olması deyil, metodoloji yanaşmanın düzgün qurulmasıdır. Sistemli və mərhələli tədris modeli tətbiq olunarsa, nəticələr daha dayanıqlı və davamlı olar. Bununla yanaşı, şahmat dərslərinin praktiki məşğələlərlə, məktəbdaxili və məktəblərarası turnirlərlə dəstəklənməsi uşaqların marağını daha da artırır. Yarış mühiti şagirdlərdə məsuliyyət hissini gücləndirir, qalibiyyətə doğru motivasiyanı yüksəldir və psixoloji dayanıqlılığın formalaşmasına kömək edir.

Eyni zamanda, şahmat yalnız idman növü kimi deyil, intellektual inkişaf vasitəsi kimi də böyük əhəmiyyət daşıyır. Bu oyun uşaqlarda səbir, analitik düşünmə, alternativ variantları qiymətləndirmə və nəticəni əvvəlcədən proqnozlaşdırmaq bacarıqlarını inkişaf etdirir. Bu keyfiyyətlər isə onların həm təhsil həyatında, həm də gələcək peşə fəaliyyətində uğur qazanmasına müsbət təsir göstərir.

Məktəblərdə şahmatın tədrisi peşəkar məşqçilərin və xüsusi proqramların iştirakı ilə təşkil olunarsa, bu sahədə yeni istedadların üzə çıxarılması və ölkədə şahmat ənənələrinin daha da gücləndirilməsi mümkün olar. Valideynlərin və müəllimlərin bu prosesdə birgə dəstəyi isə uşaqların marağının davamlı olmasına və onların potensialının tam şəkildə reallaşmasına şərait yaradar".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə