"D liqasında olmağımız dişimizə görə rəqiblərlə qarşılaşmağımız deməkdir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Düşünürəm ki, D liqasında olmağımız dişimizə görə rəqiblərlə qarşılaşmağımız deməkdir. Burda reytinq xalları az olan komandalar qərarlaşır. Bu komandalarla başabaş oynamaq və yaxşı nəticə əldə etmək mümkündü. Millimizin heyəti bunu bacaracaq gücdədi. D liqasında yaxşı oyun sərgiləmək və qələbələr qazanmaqla, yenidən C liqasına yüksəlmək olar. Bunun üçün qrupda maksimum nəticə əldə etmək lazımdı".

Bu sözləri SİA-ya açıqlamasında keçmiş futbolçu, "Karvan" klubunun baş məşqçisi Füzuli Məmmədov deyib.

Onun sözlərinə görə, Ayxan müəllimin milliyə baş məşqçi təyinatından sonra yığmanın oyununda müsbətə doğru dəyişiklik hiss olunur: "Düşünürəm ki, millimiz Millətlər Liqasında da uğurlu çıxış etməklə futbol azarkeşlərimizi sevindirəcəklər. Ayxan müəllim milliyə baş məşqçi təyin olunduqdan sonra yığmada gənc futbolçulara üstünlük verir. Düşünürəm ki, bu, millinin uzunmüddətli inkişaf baxımından müsbət təsir edəcək. Bununla yanaşı, gənclərin milli komandaya cəlb olunması komanda daxilində rəqabət mühitini də gücləndirir və futbolçuların motivasiyasını artırır. Yeni nəslin beynəlxalq oyun təcrübəsi qazanması gələcək seçmə mərhələlərdə və daha yüksək səviyyəli turnirlərdə millinin daha hazırlıqlı çıxış etməsinə şərait yarada bilər. Eyni zamanda, sabit oyun modeli, komanda intizamı və düzgün taktiki yanaşma formalaşarsa, millimiz təkcə D liqasında deyil, növbəti mərhələlərdə də daha inamlı nəticələr əldə etmək potensialına sahib olacaq. Ümumilikdə, hazırkı mərhələ milli komanda üçün həm nəticə qazanmaq, həm də gələcək üçün dayanıqlı və rəqabətədavamlı heyətin formalaşdırılması baxımından mühüm fürsət kimi qiymətləndirilə bilər. Bu prosesin düzgün idarə olunması Azərbaycan futbolunun ümumi inkişafına da müsbət təsir göstərəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə