"Qadın güləşçilərimizin beynəlxalq arenada iştirakı dövlət idman siyasətinin göstəricisidir" - ŞƏRH EDİLDİ

"Azərbaycan idmanının beynəlxalq arenada uğurla təmsil olunması dövlət siyasətinin mühüm istiqamətlərindən biridir və bu kontekstdə qadın güləşçilərimizin “Zaqreb Open” kimi nüfuzlu reytinq turnirində iştirakı xüsusi əhəmiyyət daşıyır". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, belə yarışlar təkcə idman nəticələri baxımından deyil, eyni zamanda ölkəmizin beynəlxalq idman imicinin möhkəmləndirilməsi, gənclər arasında sağlam həyat tərzinin təşviqi və qadınların peşəkar idmana cəlbinin artırılması baxımından strateji xarakter daşıyır: "Bu gün Azərbaycan qadını idmanda da öz gücünü, iradəsini və peşəkarlığını nümayiş etdirir. Qadın güləşi üzrə milli komandamızın ardıcıl olaraq beynəlxalq turnirlərdə iştirak etməsi göstərir ki, ölkədə gender bərabərliyinin təşviqi real nəticələr verir və qadın idmançıların inkişafı üçün sistemli iş aparılır. Dövlət tərəfindən yaradılan infrastruktur, federasiyaların fəaliyyəti və məşqçi heyətinin peşəkarlığı bu uğurların əsas dayaqlarıdır. Parlament səviyyəsində isə gənclər və idman siyasətinin hüquqi bazasının təkmilləşdirilməsi, regionlarda qadın idmanının inkişafına yönəlik proqramların genişləndirilməsi və gənc idmançıların sosial müdafiəsinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır. Beynəlxalq reytinq turnirlərində əldə olunan təcrübə gələcək Olimpiya və dünya çempionatlarına hazırlıq baxımından da mühüm rol oynayır. “Zaqreb Open” kimi turnirlər Azərbaycan idmanının dayanıqlı inkişaf strategiyasının tərkib hissəsidir və bu proses həm idman nəticələri, həm də gənclərin və xüsusilə qadınların cəmiyyətin aktiv üzvü kimi formalaşması baxımından mühüm töhfə verir. Dövlət, parlament və idman ictimaiyyəti bu istiqamətdə birgə fəaliyyətini davam etdirəcək".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə