Çövkən üzrə Prezident Kubokunun qalibi məlum olub

Azərbaycan Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzinin qapalı manejində Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum gününə həsr olunmuş çövkən oyunu üzrə 12-ci Prezident Kubokunun final görüşü və mükafatlandırma mərasimi keçirilib.

Federasiyadan SİA-ya verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan mərasimdə Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək, tədbirə xüsusi rəng qatıblar. Altı komandanın iştirak etdiyi turnirdə əvvəlcə 3 qrup oyunu keçirilib, birinci və ikinci yerləri tutan komandalar yarımfinal mərhələsində mübarizə aparıblar.

Daha sonra yarımfinalın qalibləri çempionluq uğrunda, məğlub komandalar isə üçüncülük uğrunda qarşılaşıblar.

Gərgin keçən üçüncülük görüşündə “Sərhədçi” komandası “Embavud”u 2:1 hesabı ilə məğlub edərək turnirin bürünc medalını qazanıb.

Prezident Kubokunun finalında isə “Elit” “Polad” kollektivini 3:2 hesabı ilə üstələyərək çempion olub.

Final görüşündən sonra mükafatlandırma mərasimi baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə