Azərbaycanın 8 boksçusu dünya çempionatının 1/4 finalında döyüşəcək

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində kişi boksçular arasında dünya çempionatında 1/8 final mərhələsinin döyüşlərinə yekun vurulub.

SİA xəbər verir ki, bu mərhələdə Azərbaycan millisinin daha 2 idmançısı qələbə qazanıb.

Maqsud Xasmetov (63,5 kiloqram) Ruslan Qafurovdan (Tacikistan) güclü olub. O, rəqibini 5:0 (30:26, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib. Xasmetov 1/4 finalda Omar Livaza (Qırğızıstan) ilə döyüşəcək.

Sərxan Əliyev (71 kiloqram) də növbəti qələbəsini qazanıb. Dünya çempionatının mükafatçısı bu dəfə Arturs Vaisə (Latviya) 5:0 (30:27, 29:28, 29:28, 30:27, 29:28) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Ablayxan Jussupovu (Qazaxıstan) sınağa çəkəcək.

Qeyd edək ki, Xasmetov və Əliyevdən öncə daha 6 boksçumuz 1/4 finalda iştirakını rəsmiləşdirib.

Bütün xəbərlər Facebook səhifəmizdə