AFFA İntizam Komitəsi “Şamaxı” və “Sumqayıt”ın baş məşqçilərini cəzalandırıb

AFFA İntizam Komitəsi “Şamaxı” və “Sumqayıt” komandalarının baş məşqçilərini cəzalandırıb. SİA xəbər verir ki, buna klubların Misli Premyer Liqasının XIII turunda öz aralarında keçirilmiş oyunda mütəxəssislərin davranışları səbəb olub.

Matçın 88-ci dəqiqəsində “Şamaxı”nın çalışdırıcısı Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klub isə 2000 manat cərimələnib.

“Sumqayıt”ın baş məşqçisi Saşa İliç isə rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq diskvalifikasiya edilib. “Gənclik şəhəri” təmsilçisi isə 10000 manat cərimə ödəyəcək. Bundan başqa, “Sumqayıt” komandada 5 nəfərin sarı vərəqə ilə cəzalanması səbəbindən daha 700 manat ziyana düşüb.

“İmişli” – “Sabah” oyununda ev sahibi komandanın azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.

“Qəbələ” – “Araz-Naxçıvan” matçında isə “qırmızı-qaralar”ın futbolçusu Murad Musayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb, klubunu isə 500 manat xərcə salıb.

Bütün xəbərlər Facebook səhifəmizdə