Azərbaycan millisinin baş məşqçisi: Banqladeşlə oyunda əvəzetmələrin xeyrini gördük

Belə bir turnirin təşkilatçılığına görə, Banqladeş tərəfinə təşəkkürümü bildirirəm. Buranın insanları da bizi gözəl qarşıladılar. SİA xəbər verir ki, bu sözləri qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Dəkkə şəhərində təşkil olunan “FIFA Tri Nations Women’s Football Series 2025” turnirində Banqladeş yığmasına 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

Mütəxəssis rəqibin kifayət qədər güclü komanda olduğunu bildirib: “Fikrimcə, onlar ilk matçda Malayziyanı məğlub etməli idilər. Həmin görüşdə bir səhv həlledici olmuşdu. Banqladeş yığması bizimlə matça da yaxşı hazırlaşmışdı, qələbə qazanmaq istəyirdi. İlk 15 dəqiqədə meydançanın hər yerində təzyiq etdilər, bizə çətin anlar yaşatdılar. Özünəməxsus əks-hücum futbolu ilə seçilən kollektivdir. Oyunda da bunu göstərdilər. Hesabı açsaq da, çox keçmədən qapımızda qol gördük. Çünki rəqib fərqlənmək üçün hər şey edirdi. İkinci hissədə isə daha yaxşı çıxış etdilər. Ancaq müdafiəçilərimiz uğurlu performans ortaya qoyaraq, rəqibin hücumlarının qarşısını aldılar. Oyun planının dəyişikliyinə getdik, əvəzetməyə əl atdıq. Bunun da xeyrini gördük. Düşünürəm ki, hər iki komanda maraqlı oyun göstərdi və stadiona gələn azarkeşlər peşman olmadılar. Qadın futbolu üçün bayram idi. Bu bayramdan həm Banqladeş Futbol Federasiyası, həm də AFFA nələrsə qazandı”.

Qeyd edək ki, Malayziya (2:0) və Banqladeş (2:1) yığmaları üzərində qələbə qazanan Azərbaycan millisi turnirin qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə