"Qarabağ" rahatlıqla liqada ilk 24-lüyə düşə bilər" - ŞƏHƏR SAKİNLƏRİ DANIŞDI - SORĞU

Dünən Tofiq Bəhrəmov adına Respublika Stadionunda keçirilən UEFA Çempionlar Liqasının 4-cü tur oyunu Azərbaycan futbolu üçün tarixi hadisə kimi yadda qaldı. Ölkəmizin təmsilçisi “Qarabağ” İngiltərənin nəhəng klublarından biri olan “Çelsi” ilə 2:2 hesablı bərabərlik əldə edərək futbol tariximizdə ilk dəfə ingilis klubundan xal almağa nail oldu. Bu nəticə həm azarkeşlər, həm də futbol mütəxəssisləri tərəfindən böyük sevinclə qarşılandı. SİA-nın əməkdaşları oyunla bağlı şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Heydər Əliyev: "‘Qarabağ"ın dünən "Çelsi2 ilə oyununu stadiondan canlı izlədim. Özüm də "Qarabağ Ordu Fan Klubu"nun üzvüyəm. Mən düşünürəm ki, "Qarabağ" növbəti 4 görüşdən 7-8 xal toplamağı bacaracaq. Ümid edirəm ki, "Qarabağ" liqa mərhələsində ilk 24-lüyə düşməyi bacaracaq və növbəti mərhələyə adlayacaq. Mən artıq 3 ildir ki, "Qarabağ" azarkeşiyəm. "Ordu Fan Klubu" ilə oyunlara tez-tez gedirəm. Hər oyunda stadionda olmağa və "Qarabağ"a dəstək olmağa çalışıram. Bundan öncəki turda da "Atletik Bilbao" ilə görüşdə xal qazana bilərdik. Lakin Qurban hocanın həmin oyunda Nərimanı start 11-likdə oyuna buraxması və Kamillo Duranı ehtiyatda saxlaması, fikrimcə, düzgün deyildi. Növbəti turda isə İtaliyanın köklü klublarından olan "Napoli" ilə qarşılaşacağıq. Ümid edirəm ki, bu oyunda da yaxşı oynayıb yaxşı nəticə əldə edəcəyik".

Şəhər sakini Yunis Quliyev: "İlk öncə hər şeydən əvvəl "Qarabağ"ı təbrik edirəm. Növbəti oyunda "Napoli" güclü rəqibdir - sonuncu İtaliya çempionudur. Lakin onlardan da xal almağı bacaracağıq. Bu oyunda bir az diqqətli olmaq lazımdır. Bir az xəyalları hədəflərdən uzaq tutmaq lazımdır. Ayağımızı yorğanımıza görə uzatmalıyıq. Ona görə də ilk 8-likdənsə, 8-likdən 24-lüyə qədər olan yerlərdə olsaq, daha yaxşı olar. Lakin həmin sıralamada da elə bir mövqe tutmaq lazımdır ki, daha aşağıdan, daha zəif rəqiblərlə birgə pley-offda oynayaq və bundan sonrakı nailiyyətlər bunun ardınca gəlsin. İngiltərə nəhəngindən xal aldıq və bu da, məncə, mükəmməl bir nəticədir. Qurban Qurbanova, bütün dəstəkçilərə, azarkeşlərə və oyunçulara təşəkkür edirəm".

Şəhər sakini Cavid Məmmədli: "‘Qarabağ"ın bu bərabərliyi çox sevindirici haldır. Hərçənd ki, özüm "Neftçi" azarkeşiyəm. Düzdür, oyuna baxa bilmədim, lakin uzaqdan izləyirdim. Təbii ki, "Çelsi" kimi bir klubdan - Klublararası Dünya Çempionatının qalibi olan, "PSG" kimi bir komandanı 3:0 hesabı ilə məğlub edən bir klubdan 1 xal qazanmaq bizim üçün çox gözəl bir haldır. Klub dəyəri milyard avrodan çox olan bir komandaya qarşı açıq hücum oyunu ilə çıxış edib heç-heçə qalmaq özü böyük bir nailiyyətdir və demək olar ki, 3 xala bərabərdir. Hətta "Qarabağ" ilk hissəni 2:1 hesabı ilə qələbə ilə bitirmişdi. "Napoli" ilə oyuna da bu şəkildə çıxsa, o zaman uğurlu nəticə əldə etmiş olarıq".

Şəhər sakini Yaşar Abdullayev: "Dünənki "Qarabağ" – "Çelsi" oyunu mənim üçün çox qürurverici anlardan biri idi. Uzun illərdir Azərbaycan futbolunu izləyirəm, amma bu səviyyədə oyun və bu qədər inamlı çıxış çox nadir hallarda olur. "Qarabağ" komandası meydanda çox intizamlı və ağıllı oynadı. "Çelsi" kimi bir klubdan xal almaq asan məsələ deyil. Komandanın taktiki hazırlığı, azarkeşlərin dəstəyi və futbolçuların inamı oyunun əsas açarı idi. Məncə, bu heç-heçə gələcək oyunlar üçün futbolçulara böyük motivasiya verəcək. Əgər bu cür çıxış davam edərsə, "Qarabağ" rahatlıqla liqada ilk 24-lüyə düşə bilər".

Şəhər sakini Həsən Hüseynli: "‘Qarabağ"ın "Çelsi" ilə oyununa dostlarla birgə baxdıq. Açığı, oyundan öncə çox həyəcanlı idik, amma komandamız gözlədiyimizdən də yaxşı oynadı. "Çelsi" Avropanın ən güclü klublarından biridir, amma "Qarabağ" heç nədən çəkinmədən hücuma keçdi. Mən xüsusilə ikinci qol zamanı stadiondakı səsi heç vaxt unutmayacam - hamı ayağa qalxmışdı! Məncə, Qurban Qurbanovun gənc oyunçulara şans verməsi çox doğru qərardır. Növbəti turda "Napoli" ilə oyun çətin olacaq, amma bu ruhla oynasalar, oradan da xal almaq mümkündür".

Şəhər sakini Səid Məmmədzadə: "Mən "Qarabağ"ın "Çelsi" ilə oyununa televizordan baxdım, amma elə bil stadionda idim. Hər hücumda ürəyim döyünürdü. Mən tələbəyəm, amma hər oyunda komandamızı izləməyə çalışıram. "Qarabağ"ın oyunu təkcə idman hadisəsi deyil, həm də ölkəmizin imicidir. Düzdür, qalib gələ bilmədik, amma 2:2 hesabı məncə, qələbə qədər dəyərlidir. "Çelsi" kimi komandalardan xal almaq Azərbaycanın futbol tarixində mühüm addımdır. Mən inanıram ki, "Qarabağ" bu tempi qoruyub saxlayacaq və "Napoli" oyunundan da azarkeşləri sevindirəcək nəticə ilə çıxacaq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə