Qurban Qurbanov: “Çelsi” kimi komandalardan xal almaq Azərbaycan futboluna xeyir verəcək

“Qarşıda bizi Zəfər Günü gözləyir. Bu nəticə də yerinə düşdü”. SİA xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandası ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O, bu nəticənin ölkə futboluna böyük fayda verəcəyini bildirib: “Həqiqətən də belə matçlardakı xallar Azərbaycan futboluna xeyir verəcək. Xal qazanmaq önəmli idi. Bunu uğurlu hesab edirəm. Artıq 7 xalımız var. Uşaqlar əsl xarakter göstərdilər. Onlara alqış düşür. Əlimizə düşən şanslardan maksimum istifadə etməliyik. Məşqlərdən doymamalıyıq”.

Baş məşqçi artıq “Qarabağ”ın daha təcrübəli olduğunu söyləyib: “Əsas raunda vəsiqə əldə edəndə ürəyimdə narahatçılıq var idi. Çünki bizi güclü rəqiblər gözləyirdi. Lakin oyunçular əzmkar mübarizə aparırlar. Növbəti mərhələ şansımız var”.

Q. Qurbanov bu cür oyunlarda daha soyuqqanlı olduqlarını vurğulayıb: “Müdafiədə oynamaq istəmirdik. Matçı rəqib tərəfdə keçirirdik. Görüşün sonunadək də hücum futbolu oynamaq olmur. “Çelsi” çox ciddi rəqibdir”.

Mütəxəssis zədə səbəbindən ilk hissədə əvəzlənən Kadi Borgesin durumunun sabah dəqiqləşəcəyini deyib: “Sanki sümüklərindən biri qırılıb. Lakin hər şey həkimlərin rəyindən sonra məlum olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə