“Qarabağ”–“Çelsi” oyunu öncəsi Bakıda futbol bayramı...

...“Bu gecə möcüzəyə şahidlik edə bilərik” – REPORTAJ

UEFA Çempionlar Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün keçiriləcək “Qarabağ” – “Çelsi” oyunu ərəfəsində Tofiq Bəhramov adına Respublika Stadionunun qarşısında böyük izdiham yaşanır.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, qarşılaşmadan bir neçə saat əvvəl arenanın ətrafı azarkeşlərlə dolub. “Qarabağ” bayraqları, şərfləri və klub atributları ilə stadiona axışan fanatlar musiqi, alqış və şüarlarla komandasını dəstəkləyirlər. Şəhərdə sanki futbol bayramı əhvali-ruhiyyəsi yaranıb.

Azarkeşlər “Qarabağ”ın doğma meydanda “Çelsi”yə qarşı layiqli oyun göstərəcəyinə inanırlar. Onların fikrincə, Avropanın nəhəng komandalarına qarşı mübarizə aparmaq özü artıq qürurverici haldır.

Ağdam təmsilçisinin xanım azarkeşi Naibə Məmmədova Qarabağı təkcə klub kimi yox, Azərbaycanın simvolu kimi gördüyünü bildirib: “Ağdam təmsilçisi uzun illərdir bizi Avropada tanıdır. Rəqib kim olur-olsun, biz sona qədər dəstək olacağıq. Bu gecə möcüzəyə şahidlik edə bilərik”.

Qazaxıstandan gələn Askar Baktibayev “köhlən atlar”ı dəstəklədiyini söyləyib: “Bakıda əla atmosfer var. Bizdə “Kayrat” komandası Çempion Liqasında çıxış edir. Hər iki kollektivə uğurlar arzulayıram. Çox qol olmasını istəyirəm”.

Stadionun həyətində gənclərin, uşaqların və ailələrin də çoxluğu diqqət çəkib. Bəzi azarkeşlər “Qarabağ”ın oyunlarını izləmək üçün bölgələrdən Bakıya gəliblər.

Matçın başlanmasına az qalmış stadion ətrafında coşqu daha da artır. Fanatlar “Qarabağ”ın meydanda sona qədər mübarizə aparacağına inanaraq komandanı alqış sədaları ilə qarşılayırlar.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” - “Çelsi” görüşü saat 21:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə