Bakıda V “Qələbə qaçışı”na start verilib

Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin 5-ci ildönümü münasibətilə Gənclər və İdman Nazirliyi Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və Azərbaycan Atletika Federasiyası ilə birlikdə “Qələbə qaçışı” adlı növbəti xeyriyyə qaçışına start verib. SİA xəbər verir ki, əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Qələbə qaçışı” Dənizkənarı Milli Parkda, “Yeddi gözəl” fəvvarəsinin yanından start götürüb. Qaçış 10 kilometr məsafəni əhatə edəcək və finişə ilk çatan iştirakçılar qalib elan edilərək mükafatlandırılacaqlar. Həmin şəxslər yarışın rəsmi saytına daxil olaraq öz iştirakçı sertifikatını da yükləyə biləcəklər.

Qaçış çərçivəsində maraqlı və əyləncəli tədbirlər də təşkil ediləcək. Finişə çatmış bütün iştirakçılara medal təqdim olunacaq.

Qaçışdan toplanan vəsait “YAŞAT” Fonduna köçürüləcək.

Xatırladaq ki, “Qələbə qaçışı” 2021-ci ildən ənənəvi olaraq hər il keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə