Misli Premyer Liqası: “Kəpəz” bu mövsüm ilk qələbəsini darmadağınla qazanıb

Futbol üzrə Misli Premyer Liqasında VIII tura start verilib. SİA xəbər verir ki, açılış oyununda “Şamaxı” öz meydanında “Kəpəz”i qəbul edib.

Görüş qonaqların 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Gəncə təmsilçisinin qollarını 34 və 39-cu dəqiqələrdə Fərid Nəbiyev, 67 (p.) və 85-ci dəqiqələrdə Luis Paçu vurublar.

Ev sahiblərinin heyətində isə 11-ci dəqiqədə Sezar Enrike fərqlənib

Bu nəticədən sonra aktivində 3 xalı olan “Kəpəz” sonuncu – 12-ci, 9 xala malik “Şamaxı” isə 7-ci pillədə qərarlaşıb.

Günün ikinci matçında isə “Turan Tovuz” “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq. Oyuna saat 19:00-da start veriləcək. Hazırda Tovuz təmsilçisi 15 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir oyun az keçirən Ağdam klubu isə 13 xalla üçüncü pilləni tutur.

Qeyd edək ki, turun digər qarşılaşmaları oktyabrın 18-19-da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə