Milli Olimpiya Komitəsində III Təhlükəsiz İdman Forumu keçirilib - FOTOLAR
Oktyabrın 17-də Milli Olimpiya Komitəsində (MOK) III Təhlükəsiz İdman Forumu təşkil olunub. SİA xəbər verir ki, tədbirdə 2024–2025-ci illərdə Təhlükəsiz İdman sahəsində görülən işləri əks etdirən videoçarx nümayiş olunub.
Forum çərçivəsində Beynəlxalq Olimpiya Komitəsinin (IOC) Təhlükəsiz İdman bölməsinin direktoru Kirsti Burovs videoçıxış edib. O, təhlükəsiz idman mühitinin qlobal prioritet olduğunu qeyd edərək, 2026-cı ilə qədər 1600 təhlükəsizlik əlaqələndiricisinin hazırlanmasının hədəfləndiyini və regionlarda “Safe Harbour” layihəsi çərçivəsində təhlükəsiz idman mərkəzlərinin yaradıldığını bildirib.
Sonra Təhlükəsiz İdman üzrə beynəlxalq dərəcəli ekspert Lüsi Troşet çıxış edib. O, idmanda zorakılıq və sui-istifadənin qarşısının alınması, təhlükəsiz mühitin yaradılması və milli federasiyaların məsuliyyətləri barədə danışıb. L.Troşet liderlik, siyasətlərin tətbiqi, təlim və hesabat mexanizmlərinin işlək vəziyyətdə olmasının vacibliyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitesinin şöbə müdiri Elgün Səfərov uşaqlara qarşı idmanda zorakılıq və kiberbullinqin yaratdığı təhlükələrdən söz açıb. O, Azərbaycanda da zorakılıq halları olduğunu, lakin milli qanunvericilikdə bu məsələlərin tam əks olunmadığını və preventiv tədbirlərin gücləndirilməsinin zəruriliyini qeyd edib. E.Səfərov idman psixoloqlarının sertifikatlaşdırılması, federasiyalarda statistik məlumat bazalarının yaradılması və uşaqların təhlükəsiz idman mühitinin təmin edilməsinin vacibliyini diqqətə çatdırıb.
Azərbaycan Cüdo Federasiyasının Təhsil şöbəsinin müdiri Orxan Oruczadə psixi sağlamlığın idmanda vacibliyindən bəhs edib. O, psixoloji zorakılığın digər zorakılıq növlərinin ilkin mərhələsini təşkil etdiyini və elit idmançılarda performansın davamlılığı, stresslə mübarizə və motivasiyanın qorunması üçün psixi sağlamlığın önəmli olduğunu vurğulayıb.
IOC-un Təhlükəsiz İdman İşçi Qrupunun nümayəndəsi Maya Pekoviç MOK-ların Təhlükəsiz İdman sahəsində hazırkı vəziyyəti və qarşıdakı çətinlikləri barədə danışıb. O, əksər MOK-larda qorunma siyasətləri mövcud olsa da, onların tətbiqi, məsul şəxslərin səlahiyyətləri və hesabat mexanizmlərinin inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Azərbaycan Atletika Federasiyasının Beynəlxalq Əlaqələr şöbəsinin koordinatoru Ayxan Xəkili Təhlükəsiz İdman siyasəti və gələcək təşəbbüslər barədə məlumat verib. O, siyasətin beynəlxalq standartlar əsasında hazırlandığını, idmançılar, məşqçilər və həssas qruplar üçün təhlükəsiz mühit yaratmağı hədəflədiyini bildirib.
Tədbir çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsi və müvafiq federasiyalar üçün hazırlanmış Təhlükəsiz İdman sənədləri və təlimlər təqdim olunub. Təqdimatçılar Vaqif Əliyev və Ayan Xankişiyeva sənədlərin idmançılar, məşqçilər və məktəb müəllimləri üçün təhlükəsiz və sağlam idman mühitinin təmin edilməsinə yönəldiyini vurğulayıblar.
Forum çərçivəsində fiziki tərbiyə müəllimləri və idmançılar təhlükəsiz davranış qaydaları, şikayət mexanizmləri və beynəlxalq standartlarla tanış olublar, iştirakçıların sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə