Azərkosmos və AMADA-nın tərəfdaşlığı əsasında təlim keçirilib

Ümumdünya Kosmos Həftəsi 2025 çərçivəsində Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) ilə Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) tərəfdaşlığı əsasında, Azərkosmosun nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə “Kosmik super insan: gücləndirmə və fiziki hazırlıq” təlimi həyata keçirilib. AMADA-dan SİA-ya bildirilib ki, təlim kosmosda yaşamaq və fəaliyyət göstərmək üçün insan bədəninin fiziki və psixoloji dözümlülüyünün artırılması, həmçinin astronavtların və idmançıların tətbiq etdiyi gücləndirmə və hazırlıq metodları haqqında ictimaiyyəti maarifləndirmək məqsədi daşıyıb.

AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə ekstermal şəraitdə insan bədəni, performans və davamlılığı artırmaq üçün strategiyalar, insanın inkişafında etik prinsiplər kimi mövzulara toxunub, həmçinin iştirakçıların suallarını cavablandırıb.

Qeyd edək ki, Ümumdünya Kosmos Həftəsinin builki mövzusu “Kosmosda yaşam” adı ilə müəyyən olunub və həftə çərçivəsində baş tutan tədbirlər insanların kosmosda yaşaması, işləməsi, uyğunlaşması istiqamətində maarifləndirməni gücləndirməyi hədəfləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə