"Ayxan Abbasovun gəlişi ilə milli komandada yeni mərhələnin əsası qoyulub" - BAŞ MƏŞQÇİ AÇIQLADI
"Azərbaycan millisinin Ukrayna ilə səfər oyununda göstərdiyi performans ümidverici idi, baxmayaraq ki, nəticə 2:1 hesabı ilə rəqibin xeyrinə başa çatdı. Komandanın oyun fəlsəfəsində müəyyən pozitiv dəyişikliklər artıq müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.
Onun sözlərinə görə, Ayxan Abbasovun gəlişi ilə milli komandada yeni mərhələnin əsası qoyulub. O, cəsarətli və hücuma meyilli futbol oynatmağı qarşısına məqsəd qoyub. Ukrayna kimi güclü bir rəqib qarşısında komandanın qorxmadan oynamağa çalışması, topa sahib olmağa, irəli oynamağa cəhd göstərməsi çox müsbət haldır: "Əvvəlki illərlə müqayisədə artıq oyunçular meydanda daha çox məsuliyyət hiss edirlər və taktiki intizam baxımından da müəyyən irəliləyişlər nəzərə çarpır. Milli komandada nəsil dəyişikliyi prosesi gedir və bu, müəyyən vaxt tələb edir: “Hazırda komandada həm təcrübəli, həm də gənc futbolçuların balansı formalaşır. Bu, gələcək üçün vacibdir. Amma bu mərhələdə əsas məsələ nəticədən çox, oyun sisteminin oturuşmasıdır. Əgər bu proses davamlı olsa, yaxın illərdə nəticələr də özünü göstərəcək. Ayxan Abbasovun rəhbərliyi altında milli komandanın ruh halı və motivasiyası əvvəlkindən daha yaxşıdır. Oyuncuların üzərindəki psixoloji gərginlik azalır. Bu, baş məşqçinin futbolçularla düzgün kommunikasiya qurmasının nəticəsidir. Ukrayna kimi səviyyəli bir komanda qarşısında belə mübarizə aparmaq, sonadək oyun intizamını qorumaq artıq bir irəliləyişdir. Sadəcə səbr və inam lazımdır. Əminəm ki, yaxın gələcəkdə Azərbaycan millisi daha balanslı və nəticəverici oyun göstərəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə