Azərbaycan boksçusu Bilalhəbaşi Nəzərov Çexiyanın Ostrava şəhərində keçirilən U-19 Avropa çempionatında qızıl medal qazanıb.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Boks Federasiyasından verilən məlumata görə, 50 kiloqram çəkidə mübarizə aparan millinin lideri finalda italiyalı Tommaso Orlando ilə qarşılaşıb.
Döyüş boksçumuzun inamlı qələbəsi ilə başa çatıb. Nəzərov rəqibini 5:0 hesabı ilə məğlub edərək ardıcıl ikinci dəfə Avropa çempionu tituluna yiyələnib və Çexiyada Azərbaycan himnini səsləndirib.
Banuçiçək Nəsirli (48 kiloqram) isə finalda Matilda Fraqnye (Fransa) ilə üz-üzə gəlib. Rəqib qalib gəldiyindən boksçumuz gümüş medala yiyələnib.
Beləliklə, Azərbaycan millisi Avropa çempionatında 5 medala sahib olub. Daha öncə Zidan Hümbətov (55 kiloqram), Sübhan Babayev (60 kiloqram) və İlkanə Əhmədova (+80 kiloqram) 3-cü yeri tutublar.
Qeyd edək ki, 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan boksçular oktyabrın 11-də Vətənə qayıdacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə