“Gəncə stadionu III MDB Oyunlarının əsas məkanlarından biri oldu“ - MÜNASİBƏT BİLDİRİLDİ

“III MDB Oyunları Gəncənin adını beynəlxalq idman tarixinə yazdıracaq. Əslində bu oyunların Gəncədə keçirilməsi sadəcə idman hadisəsi deyil, şəhərin simasının dəyişməsi üçün ciddi bir təkan oldu. Azərbaycanın ikinci böyük şəhəri olan Nizami yurdunun MDB Oyunları kimi əhəmiyyətli bir idman tədbirinə ev sahibliyi etməsi dövlətimizin idman ölkəsi kimi artan nüfuzunun daha da möhkəmlənməsinə müsbət təsirini göstərir. Düşünürəmki, III MDB Oyunlarının 2025-ci ildə qədim Gəncə şəhərində keçirilməsi regionlarımızın beynəlxalq tədbirlərə təşviqi sahəsində atılan uğurlu addımdır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Müşfiq Cəfərov deyib.

Deputat bildirib ki, digər tərəfdən də bu cür beynəlxalq idman yarışlarına ölkəmizin ev sahibliyi etməsi tələbə-gənclərin ictimai həyatda aktivliyinin təmini, onların könüllülük fəaliyyətlərinin inkişafına mühüm töhfədir: “Gəncə şəhərində tədbir üçün ciddi quruculuq işləri aparıldı. Gəncə İdman Sarayı da şəhərin yeni incilərindən biridir. Basketbol, voleybol, atıcılıq, üzgüçülük və digər idman növləri üçün nəzərdə tutulan bu nəhəng kompleks Qafqazda analoqu olmayan qurğular sırasında dayanır desəm yanılmaram. Burada hər bir idmançı yalnız məşq etmək üçün deyil, həm də beynəlxalq yarışlarda özünü sınamaq imkanı qazanır.

Gəncə stadionu III MDB Oyunlarının əsas məkanlarından biri oldu. Prezident İlham Əliyev cəmi bir il dörd ay əvvəl stadionun təməlini qoymuşdu, bu gün isə nəhəng idman qurğusu MDB oyunlarının meydançasına çevrildi. Avropa standartlarına uyğun inşa olunan, 15 mindən çox tamaşaçı tutumuna malik arena yalnız idman tədbirləri üçün nəzərdə tutulmayıb. Bu stadionun Gəncənin, eləcə də bütün bölgənin gəncləri üçün idman məktəbinə çevriləcəyinə heç bir şübhə yoxdur”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə