"MDB Oyunları idmançıların beynəlxalq arenada təcrübə qazanmasına şərait yaradır" - ŞƏRH EDİLDİ

"MDB Oyunları təkcə idman yarışları deyil, həm də iştirakçı ölkələrin idmançılarının təcrübə mübadiləsi aparması və bir-birindən öyrənməsi üçün mühüm platformadır. Bu yarışlar biz idmançılara beynəlxalq arenada öz bacarığımızı nümayiş etdirmək, fərqli məktəblərdən olan rəqiblərlə qarşılaşmaq və yarış təcrübəmizi artırmaq imkanı yaradır". Bu sözləri SİA-ya açıqlamasında keçmiş sərbəst-güləşçi Hacı Əliyev deyib.

Onun sözlərinə görə, MDB məkanında keçirilən bu oyunların əsas üstünlüklərindən biri odur ki, burada həm təcrübəli, həm də gənc idmançılar bir araya gəlir: "Bu isə gənclərə özlərini sübut etmək, böyük yarışlara psixoloji və fiziki baxımdan hazırlaşmaq üçün ideal fürsət verir. Bizim üçün belə turnirlər, beynəlxalq arenada gələcək uğurlara aparan pillələrdən biridir. Azərbaycan idmançıları MDB Oyunlarında daim fəal iştirak edir və son illərdə qazandığımız nəticələr göstərir ki, ölkəmizdə idman infrastrukturuna və gənc istedadların yetişdirilməsinə xüsusi diqqət yetirilir. Bu yarışlar həm də milli komandanın hazırlıq səviyyəsini, strategiyasını və rəqabət gücünü sınaqdan keçirmək baxımından böyük əhəmiyyət kəsb edir.

Digər tərəfdən, MDB Oyunları təkcə nəticə qazanmaqla deyil, həm də ölkələr arasında dostluq, qarşılıqlı hörmət və həmrəyliyin güclənməsi ilə dəyərlidir. Yarışlardan sonra müxtəlif ölkələrdən olan idmançılar arasında dostluq əlaqələri qurulur, təcrübə paylaşılır və bu, ümumilikdə idmanın inkişafına müsbət təsir göstərir. Ümumiyyətlə, MDB Oyunları Azərbaycan idmanının beynəlxalq aləmdə tanıdılması, gənc idmançıların motivasiyasının artırılması və ölkəmizin idman sahəsindəki uğurlarının daha geniş auditoriyaya çatdırılması üçün mühüm hadisədir. Biz idmançılar üçün bu cür yarışlarda iştirak etmək həm şərəf, həm də məsuliyyətdir".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə