""Qarabağ"ın qələbəsi Azərbaycan futbolunun gücünü nümayiş etdirdi" - BAŞ MƏŞQÇİ ŞƏRH ETDİ

""Qarabağın" dünən "Kopanhaygen" üzərində qazandığı 2:0 hesablı qələbə mənim üçün xüsusi əhəmiyyət daşıyır. Bu yalnız bir oyun nəticəsi deyil, Azərbaycan futbolunun Avropa arenasında gəldiyi mövqeyin bariz göstəricisidir. "Qarabağ" uzun illərdir ki, həm daxildə, həm də qitə səviyyəsində öz sözünü deyir". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Vaqif Cavadov deyib.

Onun sözlərinə görə, amma bu dəfə qələbənin dəyəri daha da yüksəkdir, çünki rəqib kifayət qədər təcrübəli, Avropada özünü sübut etmiş bir klub idi. Belə bir komandaya qarşı sərgilənən oyun planı, intizam və kollektiv mübarizə böyük uğurun əsas səbəbləri oldu: "Bu nəticə təkcə xal cədvəli baxımından önəm daşımır. "Qarabağ" hazırda "Real Madrid" və "Bavariya Münhen" kimi dünyanın ən güclü klubları ilə eyni xala malikdir. Bu fakt futbol ictimaiyyəti üçün bir mesajdır: Azərbaycan futbolu artıq yalnız iştirakçı rolunda deyil, həm də rəqabət aparan, ciddi rəqib statusuna yüksəlmişdir. Mənim üçün bir futbolçu kimi ən qürurverici məqam da budur. Digər tərəfdən, belə qələbələr gənc futbolçularımıza böyük stimul verir. Onlar görürlər ki, Azərbaycan klubu Avropada nəhəng adlarla eyni səviyyədə mübarizə aparır və qalib gələ bilir. Bu, yeni nəsildə inam və öz gücünə etibar hissini formalaşdırır. İdman yalnız meydanda nəticə demək deyil, o həm də bir məktəbdir, bir idealdır. "Qarabağın" uğurları uşaqlarımızı futbol seçməyə, məşqə daha ciddi yanaşmağa həvəsləndirir.

Ən əsası isə bu qələbə xalqımıza mənəvi güc verir. "Qarabağ" adı özü-özlüyündə böyük bir rəmzdir. Komandanın Avropada qazandığı hər uğur təkcə futbol qələbəsi kimi yox, həm də milli qürur mənbəyi kimi qəbul olunur. Azarkeşlərin sevincini görmək, stadionda yaranan ab-havanı hiss etmək göstərir ki, futbol sadəcə idman növü deyil, həm də xalqı birləşdirən güclü vasitədir. Mən inanıram ki, "Qarabağ" bu tempi davam etdirəcək. Komanda artıq öz oyun fəlsəfəsinə, güclü kollektiv ruhuna və Avropa təcrübəsinə sahibdir. Əgər bu ardıcıllıq qorunarsa, biz qarşıdakı oyunlarda da həm nəticə, həm də oyun baxımından daha böyük uğurların şahidi olacağıq".

Müəllif: Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə