Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Azərbaycanın iki boksçusu Avropa çempionatına qələbə ilə başlayıb

Çexiyanın Ostrava şəhərində 19 yaşadək boksçular arasında Avropa çempionatına start verilib. Azərbaycan Boks Federasiyasından SİA-ya verilən məlumata görə, yarışın ilk günündə rinqə çıxan Azərbaycan millisinin iki idmançısı döyüşünü qələbə ilə başa vurub.

70 kiloqramda Rza Rzayev Qleb Herdtlə (İsrail) qarşılaşıb. Boksçumuz 1/16 final çərçivəsində rəqibini 5:0 (30:26, 30:25, 30:27, 30:26, 30:26) hesabı ilə məğlub edib. O, növbəti görüşündə ilk mərhələdən azad olan Akaki Basaria (Gürcüstan) ilə üz-üzə gələcək.

Abbasqulu Şadlinski (75 kiloqram) də Avropa çempionatına qələbə ilə başlayıb. Təmsilçimiz 1/16 finalda Gerasimos Tzavarosdan (Yunanıstan) güclü olub – 5:0 (29:28, 29:28, 30:27, 30:27, 30:27). Şadlinski ikinci döyüşündə ilk mərhələdən azad olan Ahmed Koçini (Albaniya) sınağa çəkəcək.

Hər iki boksçumuz 1/8 final döyüşünə oktyabrın 2-də çıxacaq.

Qeyd edək ki, Avropa çempionatına oktyabrın 9-da yekun vurulacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə