““Qarabağ” qələbə qazana bilər, amma bu asan olmayacaq” - Tərlan Əhmədov DANIŞDI

UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz oktyabrın 1-də "Qarabağ" növbəti dəfə Avropanın güclü klublarından biri olan "Kopenhagen"ə qarşı meydana çıxır. Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı keçmiş futbolçu və məşqçi Tərlan Əhmədov SİA-ya açıqlamasında bildirib ki, ilk iki turdan sonra 6 xalla başlamaq özü böyük uğur olardı:
“”Benfika”nı səfərdə bu şəkildə nəticə ilə yola salmaq “Qarabağ”ın artıq səviyyəsinin haraya gəlib çatdığını göstərir. Bu onu göstərir ki, “Qarabağ” artıq Çempionlar Liqasının qrup mərhələsində də uğur qazanmağa tam hazırdır. “Qarabağ”la “Benfika” bir neçə il əvvəl də qarşılaşıblar. Artıq bu mərhələdə zəif komanda yoxdur. İlk oyunda, yadınızdadırsa, “Qarabağ” 16 dəqiqədə iki qol buraxdı və hamı düşündü ki, bu məğlubiyyətlə bitəcək. Amma “Benfika”nın bir qədər rahatlığı, arxayınlaşması onlara baha başa gəldi və “Qarabağ” 3 qol vuraraq möhtəşəm dönüş etdi.

“Qarabağ”ın ən böyük problemi müdafiədir. Çünki hücumda çoxşaxəli, yaradıcı bir komanda olsa da, müdafiədə tez-tez boşluqlar yaranır. Bu, həm daxili çempionatda, həm avrokuboklarda özünü göstərir. Amma son illərdə səfərdə də evdəki qədər inamlı oynayır. Misal üçün, “Bayer Leverkuzen”lə oyunda 2-0 öndə olsa da, son dəqiqələrdə bərabərliklə başa çatdı. "Qarabağ"ın əsas üstünlüklərindən biri yaradıcı oyunçularıdır. Zubir, Andrade, Kadi kimi futbolçular fərdi ustalıqla rəqibin müdafiəsini yarır və epizodlar yaradırlar. Yarımmüdafiəçilər həm hücuma dəstək verir, həm də qol imkanları yaradırlar. “Qarabağ”ın son oyunlarda 3-5 qol vurması sübut edir ki, artıq hücum xətti də oturuşub. Əsas çatışmazlıqlardan biri isə Marko Yankoviçin olmamasıdır. Həm müdafiədə, həm oyun quruculuğunda böyük rolu olan futbolçudur. Onun yoxluğu sabahkı oyunda hiss oluna bilər, amma “Qarabağ”ın oyun keyfiyyəti elə səviyyədədir ki, bu çatışmazlığı kompensasiya edə bilərlər.

”Qarabağ”ın ən önəmli dəyişikliklərindən biri də odur ki, artıq əvvəlki kimi təzyiqsiz oynayan komanda deyil. Topa sahib olmaqda üstünlük göstərir, rəqibə nəfəs almağa imkan vermir. Hücumlar sistemli qurulur, itirilmiş top tez qazanılır və yeni hücumlar başlayır. Bu, komandanın sistemli şəkildə yüksəldiyini göstərir.

Düşünürəm ki, sabahkı oyun çox gərgin və maraqlı keçəcək. “Qarabağ” qələbə qazana bilər, amma bu asan olmayacaq. Qələbə olsa, bu, xalqımıza, millətimizə böyük sevinc bəxş edəcək”.

Müəllif: Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə