Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında boks yarışları davam edir. SİA-nın bölgə müxbiri xəbər verir ki, Yevlax Olimpiya İdman Kompleksində təşkil olunan yarışlarda bu gün 1/4 final çərçivəsində 33 qarşılaşma keçiriləcək. Millimizin 7 idmançısı 5 çəki dərəcəsində mübarizə aparır.
Günün ilk görüşünü boksçumuz Gülər Hüseynova 48 kiloqram çəki dərəcəsində Bibisora Racabova (Tacikistan) ilə keçirib və 4:1 hesabı ilə qalib gəlib.
Gün ərzində Qardaş Rəhimov 46 kiloqram çəki dərəcəsində Mikita Beskaravayni (Belarus), Əli Ruşanov 46 kiloqram çəki dərəcəsində Anqsar Ussenxan (Qazaxıstan), Məhəmmədəli Kərimli 50 kiloqram çəki dərəcəsində Azizbek Şkokirjonov (Özbəkistan), Ayxan Həsənov 50 kiloqram çəki dərəcəsində Dayanç Orayev (Türkmənistan), İbrahim Bədəlli 54 kiloqram çəki dərəcəsində Erbol Barataxunov (Qırğızıstan), Hidayət Məmmədov 70 kiloqram çəki dərəcəsində Oybekjon Abdurahimov (Özbəkistan) ilə üz-üzə gələcək.
Qeyd edək ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə