“MDB Oyunları öz tarixinin ən yüksək təşkilatı dövrünü yaşayır“ - MÜNASİBƏT BİLDİRİLDİ

“II MDB Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı sənəd 2021-ci ildə MDB Oyunları İdman Şurasının qərarı ilə təyin olunub və yarışların əsas mərhələsinin Gəncədə baş tutması da təsadüfi deyil. Gəncə 2025-ci ildə MDB-nin idman paytaxtı elan olunub. Gəncə ilə yanaşı Şəki, Qəbələ, Göygöl, Yevlax və Xankəndində də bu yarışların keçirilməsi bir neçə məsələni özündə ehtiva edir. Birincisi Azərbaycanın idman ölkəsi olması, ikinci məsələ idman infrastrukturlarının yalnız Bakıda deyil, həmçinin ölkənin digər şəhər və rayonlarında da yüksək səviyyədə, bütün beynəlxalq standartlara cavab verən səviyyədə olmasıdır. Bütün bunlar bütövlükdə III MDB Oyunlarının Azərbaycanda keçirilməsinə zərurət yaradıb”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Vüqar İskəndərov deyib.

Deputat bildirib ki, indiyə qədər ölkəmizdə təşkil olunan idman yarışlarının yüksək səviyyədə baş tutması da III MDB Oyunlarının ölkəmizdə keçirilməsi üçün ən gözəl nümunə idi: “Biz artıq böyük maştaplı, dünya səviyyəli yarışların ən yüksək səviyyədə keçirmək təcrübəsi qazanmışıq. Ölkəmizdə keçirilən yarışlar hər zaman nümunə kimi göstərilir, bu isə bizi qürurlandırır.
III MDB Oyunlarının açılış mərasiminin Gəncədə keçirilməsi ilə ötən illərdən fərqləndi, bütün MDB və digər ölkələrin diqqətini cəlb etdi. Sözügedən açılış mərasimini daha da yüksək səviyyəyə qaldıran orada ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirak etmələri idi. Dövlət başçısı vətən müharibəsi zamanı Gəncədə terror zamanı valideynlərini, əzizlərini itirmiş uşaq və yeniyetmələrlə birgə iştirak etmələri bir daha ölkə başçısının dəyərlərə sadiq olmalarını göstərdi.

III MDB Oyunlarının yarışlarına artıq start verilib, üç gündür ki, şəhər və rayonlarda yarışlar təşkil olunub. III MDB Oyunları öz tarixinin ən yüksək təşkilatı dövrünü yaşayır və yarışın keçirilməsi Azərbaycanın humanitar dəyərlərə sahib olmasının göstəricisidir”.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə